CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vaksinlər qarışıq vurula bilərmi: TƏBİB ÜST-ün, ÜST də ölkənin üstünə atır

Cavadzadə: "Çin istehsalı olan "CoronaVac" peyvəndi inaktiv peyvənddir. Bu vaksin ənənəvi qaydada hazırlanıb. Ona görə də birinci dozanı "CoronaVac" peyvəndindən vurduranlar ikinci dozanı da bu vaksindən vurdurmalıdır".
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 6 aprel — Sputnik. Koronavirus əleyhinə vaksinasiya dünyanın bir sıra ölkələrində aparıldığından, COVID-19-a qarşı peyvəndin birinci dozasını xaricdə vurduranların ikinci dozanı eyni vaksindən digər ölkədə necə vurduracaqları bəzən problemlərə səbəb olur. Çünki, dünyanın hər ölkəsində COVID-19 əleyhinə eyni vaksinlərdən istifadə olunmur. Bəzi ekspertlər vaksinlərin qarışıq vurulmasında problem görməsə də, infeksionistlər bunu koronavirus əleyhinə bütün peyvəndlərə şamil etməyin düzgün olmadığı qənaətindədirlər.

Sputnik Azərbaycan bu suala infeksionistlərlə birgə aydınlıq gətirməyə çalışıb. Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirus əleyhinə hər iki dozanı eyni peyvənddən vurdurmaq məsləhətdir. İnfeksionist bunu belə əsaslandırır:

"Çin istehsalı olan "CoronaVac" peyvəndi inaktiv peyvənddir. Bu vaksin ənənəvi qaydada hazırlanıb. Ona görə də birinci dozanı "CoronaVac" peyvəndindən vurduranlar ikinci dozanı da bu vaksindən vurdurmalıdır. "Sputnik V" vaksini vektor texnologiyasına əsasən hazırlanır. "Sputnik V" vaksinin hazırlanmasında insan adenovirusu əsasında iki müxtəlif vektorun kombinasiyasının unikal texnologiyasından istifadə edilir. "AstraZeneca" peyvəndi də vektor texnologiyası ilə hazırlanır. Virusun kiçik hissəciyi antigen xüsusiyyəti daşıyır, adenovirusun üzərinə yerləşdirilir. Adenovirus daşıyıcı xarakter daşıyır. Bu iki vaksinin hərəsindən bir doza vurdurmaq olar. Təbii ki, 1-ci doza vurulan vaksin yoxdursa... "Pfizer-Biontech" və "Moderna" vaksinləri koronavirusun genetik kodundan istifadə edilərək fərqli üsulla hazırlanmış "yeni nəsil" peyvənd qrupuna daxildir".

TƏBİB-dən isə sorğmuza cavabda bildirildi ki, peyvəndlərin istifadəsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə baş tutur. Ona görə də bununla bağlı ÜST öz mövqeyini bildirməlidir.

Azərbaycanda qarışıq peyvənd sınağında iştirak etmək istəyən könüllülərə müraciət edildi

ÜST-ün ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Fanara Bünyadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, peyvəndin qarışıq istifadəsinin mümkünlüyü yerli qurumların verəcəyi qərarla bağlıdır.

Qeyd edək ki, Azərbaycanın ən böyük tibb mərkəzlərindən biri olan Bakı Sağlamlıq Mərkəzi könüllüləri COVID-19 koronavirus infeksiyasının profilaktikası üçün - Rusiyanın "Sputnik V" və İngiltərə-İsveç birgə istehsalı olan "R-COVİ" vaksinlərin kombinə edilmiş tətbiqinin klinik tədqiqatında iştirak etməyə dəvət edir. Bu barədə Sputnik Azərbaycan-a tibb müəssisəsindən məlumat verilib.

Xəbərdə qeyd edilir ki, Azərbaycandakı tədqiqatlar 2020-ci ilin dekabr ayında "R-Pharm" Şirkətlər Qrupu, "AstraZeneca" şirkəti, N.F.Qamaleya adına ETİ və Rusiya Birbaşa İnvestisiyalar Fondu (RBİF) tərəfindən imzalanan əməkdaşlıq memorandumu çərçivəsində aparılır. Klinik tədqiqatlar tədqiqatların planlaşdırılması və aparılması üzrə beynəlxalq etik və elmi GCP (Good Clinical Practice - Müvafiq Klinik Təcrübə) standartına müvafiq olaraq və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş klinik tədqiqat protokoluna əsasən həyata keçirilir.

Sınaqlarda yaşı 18-dən yuxarı bütün vətəndaşlar iştirak edə biləcəklər. Tədqiqata başlamazdan əvvəl bütün potensial iştirakçılar lazımi müayinədən keçiriləcəklər. Pasiyentlər istənilən mərhələdə tədqiqat proqramından çıxmaq hüququna malikdirlər. Sınaqlarla bağlı risklər sığortalanacaq.