Azərbaycanda qarışıq peyvənd sınağında iştirak etmək istəyən könüllülərə müraciət edildi

Bakı Sağlamlıq Mərkəzi könüllüləri COVID-19 koronavirus infeksiyasının profilaktikası üçün - Rusiyanın "Sputnik V" və İngiltərə-İsveç birgə istehsalı olan "R-COVİ" vaksinlərin kombinə edilmiş tətbiqinin klinik tədqiqatında iştirak etməyə dəvət edir.
Sputnik

BAKI, 6 aprel — Sputnik. Azərbaycanın ən böyük tibb mərkəzlərindən biri olan Bakı Sağlamlıq Mərkəzi könüllüləri COVID-19 koronavirus infeksiyasının profilaktikası üçün - Rusiyanın "Sputnik V" və İngiltərə-İsveç birgə istehsalı olan "R-COVİ" vaksinlərin kombinə edilmiş tətbiqinin klinik tədqiqatında iştirak etməyə dəvət edir. Bu barədə Sputnik Azərbaycan-a tibb müəssisəsindən məlumat verilib.

Xəbərdə qeyd edilir ki, Azərbaycandakı tədqiqatlar 2020-ci ilin dekabr ayında "R-Pharm" Şirkətlər Qrupu, "AstraZeneca" şirkəti, N.F.Qamaleya adına ETİ və Rusiya Birbaşa İnvestisiyalar Fondu (RBİF) tərəfindən imzalanan əməkdaşlıq memorandumu çərçivəsində aparılır. Klinik tədqiqatlar tədqiqatların planlaşdırılması və aparılması üzrə beynəlxalq etik və elmi GCP (Good Clinical Practice - Müvafiq Klinik Təcrübə) standartına müvafiq olaraq və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş klinik tədqiqat protokoluna əsasən həyata keçirilir.

Sınaqlarda yaşı 18-dən yuxarı bütün vətəndaşlar iştirak edə biləcəklər. Tədqiqata başlamazdan əvvəl bütün potensial iştirakçılar lazımi müayinədən keçiriləcəklər. Pasiyentlər istənilən mərhələdə tədqiqat proqramından çıxmaq hüququna malikdirlər. Sınaqlarla bağlı risklər sığortalanacaq.