BAKI, 5 aprel — Sputnik, Natalya Dembinskaya. Rusiya iqtisadiyyatı böhrandan sonra gözlənildiyindən daha tez bərpa olunacaq. Bu nəticəyə Dünya Bankının (DB) ekspertləri gəliblər. Ümumilikdə onların yeni proqnozu yanvardakından xeyli müsbətdir. Bəs DB mütəxəssisləri Rusiya iqtisadiyyatının konkret hansı müsbət və mənfi göstəricilərini vurğulayıblar? Sualın cavabı RİA Novosti-nin növbəti materialında.
Məhdudiyyətlərin ləğvi və vaksinasiya
DB belə hesab edir ki, 2021-2022-ci illərdə Rusiyanın Ümumi Daxili Məhsulu (ÜDM) müvafiq olaraq, 2,9 və 3,2 faiz artacaq. Halbuki yanvar ayında cəmi 2,6 faiz artımdan söhbət gedirdi.
"Pandemiyanın təsiri tədricən zəiflədikcə böyümənin artması ilə yanaşı, bərpa prosesi də sürətlənəcək", – deyə Avropa və Orta Asiya iqtisadiyyatı haqqında hesabatın müəllifləri vurğulayıblar.
2020-ci ildə Rusiyada ÜDM başqa ölkələrə nisbətən daha az itkiyə məruz qaldı – 3,1%. Bu göstərici DB proqnozunun dəyişdirilməsində əsas rol oynadı.
Böyümənin artmasına məhdudiyyətlərin azaldılması təsir göstərəcək. Rusiya koronavirusun ikinci dalğası başlayanda qapanmaya getmədi ki, bu da iqtisadi böhrandan daha tez çıxmağa imkan verdi. Dünya Bankı öz proqnozlarında COVID-19-un üçüncü dalğasının Rusiyadan yan keçəcəyi ehtimalından çıxış edir.
DB vəziyyətə güclü təsir edən amillər sırasında Rusiya peyvəndini və bu ölkədə kütləvi vaksinasiya kampaniyasına start verilməsini göstərir. Eyni zamanda, risklərə də toxunulur: əgər insanlar vaksinasiyaya həvəs göstərməsələr, epidemiya davam edəcək.
Bundan başqa, Qərbin növbəti sanksiyaları da ölkə iqtisadiyyatına mənfi təsir göstərəcək. Bank sektoru isə şübhə doğurur. İqtisadçıların qiymətləndirməsinə görə, ipoteka bazarının həddən artıq fəallaşması aktivlərin keyfiyyətinə mənfi təsir göstərə və maliyyə institutlarının gəlirlərini azalda bilər.
Yoxsulluq səviyyəsi və büdcə
DB-də belə hesab edirlər ki, Rusiyada yoxsulluq səviyyəsi keçən illə müqayisədə aşağı düşəcək, ancaq 2022-ci ilə kimi pandemiyaya qədərki göstəriciləri keçəcək. Hesabat müəllifləri qeyd ediblər ki, hakimiyyətin həyata keçirdiyi sosial tədbirlər əhalinin daha çox yoxsullaşmasının qarşısını alıb.
Ötən ilin dekabr ayında məsələyə münasibət bildirən DB-nin Rusiyadakı ofisinin direktoru Reno Seliqman hökumətin antiböhran tədbirlərinin effektivliyini qeyd etmişdi.
Dövlət müəssisələrə və əhaliyə maliyyə dəstəyini artırdı. Üstəlik, Mərkəzi Bankın möhkəm maliyyə ehtiyatları var. Mütəxəssislər böhran əleyhinə görülən tədbirlərə çəkilən xərclərin ÜDM-in dörd faizindən (dörd trilyon rubldan) çox olduğunu təxmin edirlər ki, bu da ölkənin yoxsullaşmasının qarşısını alıb.
Qeyd edək ki, Rusiyanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əvvəllər 13% yoxsulluq səviyyəsindən bəhs edirdi ki, bu da 20 milyon insan deməkdir.
DB büdcə ilə bağlı proqnoz da verib. Ötən il 4,1 trilyon rubl və ya ÜDM-nin 3,8 faizi qədər büdcə kəsiri qeydə alınıb. 2021-ci il üçün bu rəqəmin 1,8% olacağı, 2022-ci ilin isə profisitlə yekunlaşacağı proqnozlaşdırılır.
Tənəzzül dövrü bitdi
Mart ayının ortalarında Milli Tədqiqat Universiteti Ali İqtisadiyyat Məktəbinin mütəxəssisləri tənəzzül dövrünün artıq başa çatdığını elan etdilər. "2020-ci ilin sonunda ardıcıl iki rüb üçün əsas makro göstəricilərin çoxalması bizə rəsmi olaraq 2021-ci ilin əvvəlinə qədər Rusiyada tənəzzülün başa çatdığı barədə danışmağa imkan verdi", – deyə Ali İqtisadiyyat Məktəbinin "Hökumət və Bizneslə bağlı mülahizələr" adlı bülletenində vurğulanır.
İqtisadçıların da açıqladığı kimi, üçüncü və dördüncü rüblərdə ÜDM müvafiq olaraq 4,2 və 1,7 faiz, əsas kapitala investisiyalar isə 1,2 və 0,4 faiz artıb.
Mütəxəssislər investisiya fəaliyyətindəki nisbi enişə də işarə vurublar ki, bu da Rusiyanın iqtisadi böhranı dünya ölkələrinə nisbətən daha yüngül keçirdiyini təsdiqləyir. Bu isə postsovet tarixində ilk belə haldır.
Başqa ölkələrdən daha yumşaq
Analitiklərin sözlərinə görə, 2020-ci ildə Rusiyada ÜDM 2015-ci il böhranında olduğundan (2%) daha çox azalıb, ancaq bu rəqəm 2009-cu ildəkindən (7,8%) xeyli aşağıdır.
"Bu nəticə 20-ci əsrin ortalarından bəri dünya iqtisadiyyatındakı ən güclü tənəzzül (Beynəlxalq Valyuta Fondunun ilkin hesablamalarına görə, mənfi 3,5%) fonunda xüsusilə diqqətəlayiqdir. Xüsusən də nəzərə alsaq ki, qlobal iqtisadi böhranla yanaşı, neft qiymətləri də kəskin şəkildə aşağı düşüb", – deyə bülletendə qeyd olunur.
Fevral ayının əvvəlində Rusiya hakimiyyətinin pandemiya ilə mübarizə tədbirləri Beynəlxalq Valyuta Fondu tərəfindən yüksək qiymətləndirildi. BVF-nin proqnozlarına görə, 2021-ci ildə ölkədə ÜDM ABŞ-da və ya avrozonada olduğundan üç faiz, növbəti ildə isə 3,9 faiz artıq olacaq. Mütəxəssislər əsas müsbət amillər sırasında koronavirusa qarşı kütləvi vaksinasiya, əhaliyə və biznesə dövlət dəstəyi, dayanıqlı pul ehtiyatları və borcun az olmasını göstəriblər.
17 ölkəni iqtisadi və maliyyə sabitliyinin 11 əsas göstəricisi (ÜDM, xarici borc, valyuta ehtiyatları və real faiz dərəcəsi kimi) üzrə tədqiq edən "Bloomberg" agentliyinin analitikləri də Rusiyanın iqtisadi və maliyyə cəhətdən sabitlik nümayiş etdirdiyini bildiriblər.
Mütəxəssislər etibarlı büdcə profili, möhkəm investisiya mövqeyi (30%), eləcə də dayanıqlı beynəlxalq valyuta ehtiyatlarını (587,1 milyard) xüsusi qeyd ediblər. Defolt ehtimalı minimuma bərbərdir. "Bloomberg", həmçinin 2021-ci ildə Rusiya üçün 3 faizlik böyümə proqnozlaşdırır ki, bu da kifayət qədər qənaətbəxş iqtisadi göstərici sayıla bilər.