QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ordumuzun yarıb keçdiyi “Ohanyan səddi”ndən - REPORTAJ

Bir zamanlar Ermənistan silahlı qüvvələri tərəfindən post olaraq istifadə edilən istehkamlar indi Azərbaycan Ordusunun nəzarətindədir. Ordumuzun gücünün, qarşısında keçilməz hesab edilən "Ohanyan səddi" də aciz qaldı.
Sputnik

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 5 aprel — Sputnik. Bu gün yenə 28 ildir köçkün düşdüyümüz, dədə-baba ocağımızdan ayrı qalıb həsrətini çəkdiyimiz, torpaqlaradır yolumuz... Füzuli rayonunun Horadiz kəndinə gedirik. Uzaqdan məhşur “Ohanyan səddi" görünür. Ermənilər “Ohanyan səddi”ni yarılmaz, keçilməz bilirdilər...  Bəli Azərbaycan əsgəri səngərdən çıxdı, “Ohanyan səddi”ni keçdi, Azərbaycan sərhədlərinə kimi gedib şanlı bayrağımızı sərhədlərdə dalğalandırdı.

Yol alırıq Azərbaycanın şanlı bayrağı dalğalanan dədə-baba yurdumuza. Amma nə yazıq ki, işğaldan azad edilən torpaqlara getmək üçün qeyd etdiyimiz kimi ilk olaraq “Ohanyan səddi”ni keçmək lazımdır. Müsahibimz ANAMA-nın sahə supervayzeri Habil Babayevdir. Seyran Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub və bu sədd də onun adı ilə bağlıdır: “Bu cür keçilməz səddlərin olmasını onun adı ilə bağlayıblar və çətin keçiləsi bir ərazi düzəldiblər ki, bizim ordu həmin ərazidən keçə bilməsin. Dirəklər basdıraraq həmin ərazini məftilləyiblər ki, güya bura keçilməz səddir. Ermənilər burada qazıntı işləri də aparıblar. Dərin çalalar qazıblar ki, oradan hərbi texnika hərəkət edə bilməsin”.

Ordumuzun yarıb keçdiyi “Ohanyan səddi”ndən - REPORTAJ

Ərazi ermənilərin basdırdığı tank əleyhinə minalarla əhatə olunub. ANAMA-nın əməkdaşları bu ərazilərdə araşdırma aparır və əraziləri minalardan təmizləyir. Habil Babayev deyir ki, "Ohanyan səddi"ndən sonra düşmən minalanmış ərazilər düzəldib ki, bu səddi yarıb keçmək istəyən hərbçilərimiz qarşıda minaya düşsün: “Hər bir səddin arxasını və qarşısını piyada və tank əleyhinə minalarla minalayıblar. Onlar fikirləşiblər ki, bu əraziləri keçmək çətin olacaq”.

Həmsöhbətimizlə birgə “Ohanyan səddi”ni xeyli müşahidə edirik. Habil Babayev ərazini göstərərək, “gördüyümüz minalı ərazi "Ohanyan xətti"nin arxasıdır və tikanlı məftillə çəpərlənib. Arxa hissəsini isə tank əleyhinə mina ilə minalayıblar” deyir.

"Döyüş vaxtı “Ohanyan xətti”ni yaran döyüşçülərimiz ərazidən xeyli mina zərərsizləşdirərək kənara yığıb. Ancaq hələ də mina xətti yerində qalmaqdadır", - müsahibimiz əlavə edir: “Minalar uzun müddətdir basdırıldığı üçün yağış, qar yağması və küləyin əsməsi nəticəsində minaların üst hissəsi açılıb. Artıq kənardan baxanda görünür”.

Burada gördüyümüz bəzi faktlar bizi sarsıtsa da, çox xoşbəxtik, çünki bizdən əvvəl Azərbaycanın igid oğulları, deyib gülə-gülə, qanlarını tökə-tökə, canlarını qurban verə-verə bu səddi yarıb keçib. Məhz belə oğuların sayəsində bu gün doğma torpaqlarımızı ziyarət edə bilirik. Hər tərəfi minalanmış “Ohanyan səddi”ni yarıb, keçəndən sonra isə budur, azad edimiş torpaqlarımız...

Füzuli rayonun Horadiz kəndi. Burada bütün evlər, sökülüb, dağıdılıb və ermənilər tərəfindən daşınıb. O qədər uzun zaman keçib ki, evlərin qalıqlarına baxanda görürsən ki, nə yolu bilinir, nə cığırı. 1993-cü ildə Ermənistan silahlı qüvvələri bu kəndləri işğal edəndə ermənilər bu evləri söküb Ermənistana daşıyıb. Digər tərəfə baxdıqda isə görürsən ki, sökülən evlərin içindən yabanı ağaclar bitib. Nə deyirik, qoy dağıdıb, daşıdıqları ilə bir neçə ay da dolansınar. Əsas odur ki, biz Vətəndəyik! Doğma yurdun, doğma elin havasını dünyanın heç bir sərvəti əvəz edə bilməz.