CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İstədilər, sakit olsun, getdi, qəhrəman oldu - FOTO

2016-cı ilin Aprel müharibəsindən beş il ötür. Lələtəpə uğrunda gedən döyüşlərdə erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan Ziya Həsənovun öz evində şəkillərindən və əşyalarından ibarət kiçik bir muzey yaradılıb.
Sputnik

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 5 aprel — Sputnik. 2016-cı ilin aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan baş leytenant Ziya Həsənov Ağdam rayonunda dünyaya göz açıb. Atası Niyazi Həsənov Sputnik Azərbaycan-a danışır ki, ermənilər Ağdam rayonunu işğal etdiyindən onlar Bərdə rayonunda məskunlaşıblar. O səbəbdən də Ziyanın uşağlığı torpaq nisgili ilə keçib:

“Ağdam işğal olunanda Ziyanın 4 yaşı vardı. Həmin günlər onun körpə yaddaşında olduğu kimi qalmışdı. Hər bir daşı, evi, ağacları haqqında elə danışırdı ki, elə bil böyük adamın yaddaşı kimi... Bəlkə də bu hiss idi onu qələbəyə, döyüşlərə doğru ürəkləndirən...“

Valdeynləri hər zaman övladlarının daha asan və təhlükəsiz peşəyə yiyələnməsini istəyiblər. Amma Ziya işğal altındakı torpaqların azadlığı yolunda özünün də pay sahibi olmasını istədiyindən hərbçi peşəsini seçib. Ailəsi də Ziyanın bu qərarına etiraz etməyib. Ziya Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirdikdən sonra könüllü olaraq birbaşa təmas xəttində xidmətə başlayıb. Əvvəlcə Ağdam, sonra isə cəbhənin Füzuli istiqamətində zabit kimi qulluq edib. 

Şəhidin atası Niyazi Həsənov deyir ki, builki ildönüm əvvəlkilərdən fərqlənir. Bu gün biz erməni işğalçıları üzərində tam qələbə çalmış bir ordunun şəhidlərindən danışırıq.

"Aprel döyüşləri əgər bu qələbənin başlanğıcı idisə, bu gün ordumuz mənfur düşmən üzərində tam qələbə çalaraq, torpaqlarımızı tam azad edib. Ona görə də bizim ürəyimizdə bir təskinlik hissi var. Biz həm düşməni yerində oturtduq, həm də indiyə qədər olan Aprel döyüşləri, həm Birinci Qarabağ müharibəsi, həm də İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman oğullarımızın, zabitlərimizin, əsgərlərimizin qisasını aldıq”.

İstədilər, sakit olsun, getdi, qəhrəman oldu - FOTO

Şəhidin atası Niyazi Həsənov oğlunun  Vətən uğrunda həlak olmasından  qürurla danışır:

“Əbəs yerə şəhid olmayıblar bizim övladlarımız... Bugünkü nəslimizin gələcək xoşbəxt günləri üçün, işğal olmuş torpaqlarımızın xalqımıza qayıtması üçün onlar şirin qanlarından, canlarından keçiblər. Bu gün mən xalqımızın azad, firavan yaşayışını, öz torpaqlarına qayıdışını görəndə deyirəm ki, onlar əbəs yerə şəhid olmayıblar. İçimdə nisgillə bərabər, bir qürur hissi baş qaldırır. Fəxr edirəm ki, məhz Vətən uğrunda, xalq uğrunda şəhid olub”.

Hələ sağlığında peşəkar hərbçi kimi medallara layiq görülən baş leytenant Ziya Həsənov ölümündən sonra da hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalla təltif olunub.

Qardaşı Nicat Həsənli deyir ki, Ziya son döyüşə də ruh yüksəkliyi ilə gedib.  “2016-cı il aprel ayında başlayan döyüşlərə Ziya cəsarətlə qatıldı. O böyük şücaət göstərərək, Lələtəpə uğrunda gedən döyüşlərdə düşmənə ağır zərbələr endirdi. Elə qızğın döyüşlərdə də qəhrəmancasına şəhid oldu. Biz onunla fəxr edirik. Nə yaxşı ki, bizim belə bir qardaşımız var”. 

İstədilər, sakit olsun, getdi, qəhrəman oldu - FOTO

2016-cı il şəhidlərini anıb, onları yad edən  rayon sakinləri də bu gün Şəhidlər xiyabanına başqa əhvalda gəldiklərini deyirlər. Rayon sakini Anar Şahbazov bildirir ki, bu il böyük qürur hissi ilə ayaq basıb Şəhidlər xiyabanına: “Bu, qürurvericidir. Bu Şəhidlər xiyabanında ilk şəhidin dəfnindən son şəhidə kimi hamısına şahidəm. Mən o qədər sevinirəm ki, torpaqlarımız geri alınıb və biz qəhrəman, zəfər qazanan bir xalqın nümayəndəsi kimi şəhidlərimizi anırıq. İndi onların da ruhu şaddır. Allah hamısına rəhmət eləsin!”

Qeyd edək ki, şəhidimizin ailəsi və yaxınları onun xatirəsini əbədiləşdimək üçün ev muzeyini yaradıblar. Ziyanın şəxsi əşyalarının qorunduğu bu muzey Bərdə və ətraf rayonların sakinlərinin, döyüş yoldaşlarının da tez-tez ziyarət etdiyi məkana çevrilib.