CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Generalların tamahı bir-bir Qarabağda partlayır. Rusiya əl qoymasa...

"Ermənistan ordusunda çox korrupsiya faktları olub, bu, minaların basdırılmasından da yan keçməyib. Bu səbəbdən də minalanmış ərazilərin xəritəsi Azərbaycana verilmir".
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 4 aprel — Sputnik. İndiyədək işğaldan azad edilmiş ərazilərdə xeyli sayda mülki insanın və hərbiçinin həlak olması faktı üzrə cinayət işi açılıb. Son məlumatlara görə, 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən Ermənistan və Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoyulduğunu elan edən üçtərəfli bəyanat imzalandığı vaxtdan bu günədək işğaldan azad olunmuş ərazilərimizdə mina partlaması nəticəsində aralarında 14 nəfəri mülki şəxs olmaqla, 20 nəfər Azərbaycan vətəndaşı həlak olub. Eyni zamanda, digər insanları qorumağa çalışan Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) cəsur əməkdaşları da daxil olmaqla, 85 vətəndaşımız (o cümlədən, 16-sı mülki şəxs) ağır yaralanıb.

Ermənilərin öz arzularına çatmalarına imkan verməyək: "Bir az gözləmək lazımdır" - FOTO

Buna səbəb isə Ermənistanın işğal dövründə minaladığı ərazilərin xəritəsini Azərbaycana verməməsidir.

"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz SəfixanovSputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycan Ermənistandan minalanmış ərazilərin xəritəsini almalıdır. Birlik sədri bildirir ki, əgər o xəritələri əldə edə bilməsək, mina qurbanlarının sayı daha da arta bilər: "Düzdür, Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməsi 10 noyabr bəyamnaməsində əksini tapmayıb. Amma üçtərəfli bəyanatlara əsasən, Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində komissiya fəaliyyət göstərir. Həmin komissiya çərçivəsində biz Ermənistandan minalanmış ərazilərin xəritələrini tələb etməliyik".

Həmsöhbətimiz deyir ki, bu işdə Azərbaycana Rusiya yaxından kömək edə bilər: "İndiki məqamda yeganə ümid yolumuz Rusiyanın Ermənistana olan təsirindən istifadə edib minalanmış ərazilərin xəritəsini almaqdır".

H.Səfixanov deyir ki, Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi sülhməramlılar üçün də təhlükə yaradır: "İndiyədək sülhməramlılardan da minaya düşənlər oldu. Son vaxtlar nədənsə sülhməramlılar arasında minaya düşmə halları qeydə alınmır".

Birlik sədrinin sözlərinə görə, Ermənistan tərəfinin minalanmış ərazilərin xəritələrinin onlarda olmadığı ilə bağlı səsləndirdiyi fikir cəfəngiyyatdır: "Minaları həmin ərazilərə mülki şəxslər basdırmayıblar. Bu işi Ermənistanın Müdafiə Nazirliyi görüb. Qanuna görə də minalanmış ərazinin xəritəsi və protokolu tərtib olunmalıdır. Deməli, minalanmış ərazilərin xəritəsi Ermənistanda var".

H.Səfixanov deyir ki, nə Azərbaycan, nə də ki Ermənistan minalar əleyhinə Konvensiyaya qoşulubb. Amma Birlik sədri bunun minalanmış ərazilərin xəritəsini Azərbaycana verməməyə əsas olmadığını söyləyir.

H.Səfixanov deyir ki, Ermənistanın həmin xəritələri Azərbaycana verməsi üçün beynəlxalq təşkilatlar da təsir göstərməli, güc dövlətləri tərəfindən sanksiya tətbiq edilməlidir: "Amma bilirsiniz ki, beynəlxalq aləmdə ikili yanaşmalar var. Əgər Azərbaycan əraziləri minalayıb xəritəsini Ermənistana verməsəydi, indi həmin dövlətlər, beynəlxalq təşkilatlar bizə müxtəlif vasitələrlə təsir etməyə çalışacaqdılar. 

Rusiyalı zabit Qarabağda minaya düşdü - RƏSMİ
Amma hazırda onlar bununla bağlı Ermənistana təzyiq göstərmir. Bu isə Azərbaycan tərəfdən insan tələfatına səbəb olur. Nəzərə alsaq ki, minaların təmizlənməsi külli miqdarda vəsait və vaxt tələb edir, bu zaman xəritələrin olmaması işimizi çətinləşdirir. Azərbaycan məcburdur k, işğaldan azad etdiyi əraziləri qarış-qarış yoxlasın, minalardan təmizləsin. Bu həm də infrastruktur layihələrinin yubanmasına, məcburi köçkünlərin öz doğma torpaqlarına daha tez qayıtmasına mane olur".

Milli Məclisin deputatı Arzu Nağıyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Dağlıq Qarabağın dirçəldilməsi üçün görüləcək ilk iş ərazinin minalardan təmizlənməsidir: "İşğaldan azad edilmiş ərazilər minadan təmizlənməlidir ki, orada quruculuq işləri aparmaq mümkün olsun. Əgər gələcəkdə beynəlxalq aləm də bu strukturdan istifadə etmək istəyirsə, Azərbaycanın işğaldan azad etdiyi ərazilərinin minadan təmizlənməsində maraqlı olmalıdır.

Bildiyimiz kimi, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında həm xaotik, həmçinin də xəritə ilə mina basdırıb. Təmas xəttində 6 sırada düşmən mina basdırmışdı. Ona görə də minaların təmizlənməsi çox vaxt aparır. Eyni zamanda işğalçı dövlət qeyri-humanist addım ataraq ziyarətgahları, məzarlıqları da minalayıb.

Çox maraqlı məqam budur ki, Rusiyanın KİV-i Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında minalanmaya 400 milyon dollar vəsait sərf etdiyini yazır. Bu çox böyük rəqəmdir. Ermənistan ordusunun büdcəsi 65 milyon dollardırsa, bu qədər vəsiatin minaya sərf edilməsi bir qədər şübhə doğurur. Bu isə iki məqamdan xəbər verir. Birinci məqam odur ki, Ermənistan tərəfi istəmir ki, nə qədər mina basdırdıqları üzə çıxsın. Bu səbəbdən də minalanmış ərazilərin xəritəsi Azərbaycana verilmir. Çünki Ermənistan ordusunda çox korrupsiya faktları olub. Bu, minaların basdırılmasından da yan keçməyib.

İkinci məqam isə bilərəkdən bu xəritənin Azərbaycana verilməməsidir ki, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi çətinləşsin. Baxmayaraq Azərbaycan bunun üçün Agentlik yaradıb və Rusiya, Türkiyə kimi dövlətlərin dəstəyi ilə biz kommunikasiya xətlərinin altını tam təmizləmişik. Lakin bu, beynəlxalq aləmdə əks-səda doğurmaqdadır. İtaliya parlamenti bununla bağlı bəyanat verərək Ermənistan tərəfindən həm humanizm, həmçinin də gələcəkdə təhlükəsizlik baxımından minaladığı ərazilərin xəritəsini Azərbaycana verməyi tələb edib. Kommunikasiyaların beynəlxalq səviyyədə işləməsi üçün ərazilər minalardan təmizlənməli, xəritə Azərbaycana verilməlidir. Artıq digər dövlətlər də bunu Ermənistandan tələb etməlidirlər. Gələcəkdə şimal-cənub dəhlizinə qoşulmaq istəyən, logistikadan yararlanmaq istəyən dövlətlər Ermənistana bu xəritənin Azərbaycana verilməsi ilə bağlı bəyanat verməlidirlər. Bu, gələcəkdə təhlükəsizliyə təhdid olan məsələyə çevrilə bilər. Bu istiqamətdə artıq işlər gedir.

ABŞ səviyyəsində də Ermənistana bu məsələdə təzyiq olmalıdır. ATƏT-in Minsk qrupu da deklarativ bəyanatlardan əməli işlərə keçməlidir. Birmənalı şəkildə onların da bu məsələ ilə bağlı Ermənistandan tələbi olmalıdır. Ona görə də, düşünürəm ki, beynəlxalq aləm Dağlıq Qarabağın minalardan təmizlənməsində maraqlı olmalıdır. İnsan hüquqlarını qoruyan təşkilatların diqqətinə minalanmış ərazilərin xəritəsinin müharibə başa çatmasına rəğmən Azərbaycana verilməməsi ilə Ermənistanın cinayətkar dövlət kimi ifşa edilməsi işi davamlı hal almalıdır. Ta ki, düşmən dünyada cinayətkar dövlət kimi rüsvay olduğunu görüb bu xəritəni Azərbaycana təqdim edəcək. Ermənistanın minalanmış sahələrin xəritələrini Azərbaycana verməməsi dinc vətəndaşları və hərbi qulluqçuları bilərəkdən ölümə və şikəstliyə məhkum etmək deməkdir. Bu da insanlıq əleyhinə cinayət hesab edilir".

"Ermənistan adekvat addımlar atmazsa, Azərbaycan xoşməramlı jestləri dayandırmalıdır"

Xatırladaq ki, yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında prezident İlham Əliyev bu məsələyə toxunaraq dünyanın diqqətini bu problemə yönəltməyi bacardı. Prezident bildirdi ki, düşmən minalamış ərazilərin xəritəsini Azərbaycana təqdim etmir: "Biz işğaldan azad olunmuş ərazilərin təhlükəsizliyini bu gün kifayət qədər təmin edirik, müntəzəm reydlər keçiririk, pilotsuz uçuş aparatları vasitəsilə və vizual şəkildə monitorinq aparırıq. Buna görə vəziyyət tam nəzarət altındadır. Bundan əlavə, əlbəttə, ərazilərin minalanması əsas çətinlikdir. Ona görə ki, erməni tərəfi minalanmış sahələrin xəritələrini bizə təqdim etməyib. Yeri gəlmişkən, bu da cinayət hesab edilə bilər. Ona görə ki, hərbi əməliyyatlar başa çatandan sonra bizdə həm hərbi qulluqçular, həm də mülki şəxslər arasında bir neçə hadisə olub, bu insanlar yalnız ona görə həlak olublar ki, minalanmış sahələrin xəritələri bizə təqdim edilməyib".

Xatırladaq ki, indiki halda Ermənistan "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 10 oktyabr 1980-ci il "Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında" Konvensiyanın İkinci Protokolunun tələblərini kobud şəkildə pozur. BMT-nin 1999-cu ildə qəbul etdiyi "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiyanın müddəları da Ermənistan tərəfindən pozulur. Sözügedən konvensiyaya əsasən, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürür.