BAKI, 4 aprel - Sputnik. Fransalı biznesmen, siyasətçi və ictimai xadim Bernar Tapi ilə arvadını döyərək evlərini qarət ediblər.
Sputnik Azərbaycan bildirir ki, məlumatı Frans Press yayıb.
Hadisə Tapinin Komb-la-Vill kommunasında (Paris rayonu) yerləşən evində, milyonçu ilə arvadı yatarkən baş verib. Naməlum şəxslər qarət məqsədilə evə giriblər. Güman edilir ki, onlar dörd nəfər olublar. Qonşuların çağırdıqları xilıasedicilər ər-arvada yardım göstəriblər, arvad hospitala aparılıb, kişi isə bundan imtina edib.
Maddi ziyan barədə məlumat verilmir. Versal məhkəmə polisi araşdırma aparır.
Bernar Tapi elektrik mühəndisliyi təhsili alsa da, özünü müğənnilikdə, Formula-3 yarışlarında, müflis olmuş şirkətlərin sağlamlaşdırılması biznesində sınayıb. Üç il "Adidas" korporasiyasının rəhbəri, 1986-1994-cü illərdə "Olimpik Marsel" futbol klubunun prezidenti olub. Adına açılan maliyyə fırıldaqları üzrə məhkəmə işinə görə 2008-ci ildə Fransanın Maliyyə Nazirliyi Tapiyə 403 milyon avro ödəməyə borclu hesab edilib. 2015-ci ildə isə həmin məbləğin yenidən dövlət xəzinəsinə qaytarılması barədə qərar verilib. Tapi Avroparlamentin sabiq deputatıdır, iki dəfə Fransa parlamentinə üzv seçilib.