RUSİYA

Rusiyada neft ehtiyatlarının nə zaman tükənəcəyi bəlli olub

Rusiya bundan sonra cəmi 19 il neft sataraq mənfəət əldə edə bilər. Belə ki, heç də bütün neft ehtiyatlarının çıxarılması rentabelli deyil.
Sputnik

BAKI, 3 aprel — Sputnik. Rusiyanın Federal Yeraltı Sərvətlərin İstifadəsi Agentliyinin (Rosnedra) rəhbəri Yevgeni Kiselyov ölkədə yerdən çıxarılan neft ehtiyatlarının nə zaman tükənə biləcəyini deyb. Sputnik Azərbaycanın Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, qurum rəhbəri Rusiyada neftin hələ 58 ilə bəs edəcəyini bildirib.

Kiselyov onu da qeyd edib ki, hazırkı hesablamalar texnologiyaların müasir inkişaf səviyyədinə əsaslanıb, onlar daha da təkmilləşdikcə müddət də uzanacaq.

Lakin "Rosnedra" rəhbəri onu da bildirib ki, ölkə bundan sonra cəmi 19 il neft sataraq mənfəət əldə edə bilər. Belə ki, heç də bütün neft ehtiyatlarının çıxarılması rentabelli deyil. Buna baxmayaraq, Kiselyov yeni texnologiyaların meydana çıxması ilə vəziyyətin dəyişə biləcəyini də dilə gətirib.

Xatırladaq ki, bir müddət əvvəl "Wood Mackenzie" və "Westwood Global Energy" beynəlxalq konsaltinq və analitik agentlikləri mədən şirkətlərinin 2020-ci ilin yekunlarına dair məlumatları əsasında Rusiyanın karbohidrogen ehtiyatlarının geoloji kəşfiyyatında dünya lideri olduğunu bəyan ediblər. "Westwood"un qənaətinə görə, ötən il dünyada aşkar olunmuş neft və qaz ehtiyatlarının 70%-i məhz Rusiyanın payına düşüb.