Risk olsa, bölgədəki məktəblər də distant təhsilə keçəcək - Emin Əmrullayev

Təhsil naziri: "29 martda Bakıda 80% uşaq məktəbə gəlirdisə, sonrakı 2-3 gün ərzində bu rəqəmin 64-65%-ə düşməsini gördük. Onsuz da gün ərzində də 10-12 məktəb distant təhsilə keçirdi".
Sputnik

BAKI, 3 aprel - Sputnik. "Bölgələrdə məktəblərin niyə bağlanmadığı ilə bağlı suallar var idi". 

Sputnik Azərbaycan xəbər verir ki, Təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində “Pandemiya dövründə tədrisin təşkili”nə həsr olunan canlı yayımda bildirib.

Onun sözlərinə görə, bir çox rayonlarda gündəlik yoluxma 3-4-5 olur:

"Ona görə bu ərazilərdə kütləvi bağlanmaya gedilməsi düzgün bilinmədi. Ənənəvi qaydada öyrənmək ən vacibidir. Müəllimlər də böyük risklərlə üz-üzə qalır, amma onlar şagirdlərin öyrənməsi üçün çalışırlar. Onların əksəriyyəti də şagirdlərə üz-üzə dərs keçməyin tərəfdarıdır. Təbii ki, statistika izlənir, ayrı-ayrı yerlərdə risk olarsa, distant təhsilə keçiləcək".

Nazir: Yoluxma azalan kimi ənənəvi təhsilə keçəcəyik

Nazir distant təhsilə keçmənin səbəblərinə aydınlıq gətirərkən deyib:

"Bəzən mediada belə fikirlər səslənir ki, məktəblərin distant təhsilə keçməsi ictimai sorğu əsasında olub. Bunun da müəyyən rolu var, amma 3-5 günə tam texniki tələblərə cavab verən sorğu keçirmək imkanımız yoxdur". 

Onun sözlərinə görə, sorğuda 50 min adam rəy verib:

"75 faiz adam təxminən məktəblərin bu və ya digər formada bağlanmasının tərəfdarı idi. Digər bir səbəb də məktəblərdə davamiyyətlə bağlıdır. 29 martda Bakıda 80% uşaq məktəbə gəlirdisə, sonrakı 2-3 gün ərzində bu rəqəmin 64-65%-ə düşməsini gördük. Onsuz da gün ərzində də 10-12 məktəb distant təhsilə keçirdi. Həmişə məktəblərin bağlanması-açılması ilə bağlı qərarlar kifayət qədər ağır olur, razı və narazı qalanlar olur. Məqsədimiz vətəndaş məmnuniyyəti ilə yanaşı şagirdlərin öyrənməsini təmin etmək, eyni zamanda sağlamlıqdır".