Nazir: Yoluxma azalan kimi ənənəvi təhsilə keçəcəyik

Emin Əmrullayev: "Bəzi vətəndaşlarımız bu yoluxma sayında belə müəllim və şagirdlərin məktəbə getməsinin tərəfdarıdır. Amma nəzərə alaq ki, gündəlik yoluxmaların 4-6 faizi müəllimlər olur". 
Sputnik

BAKI, 3 aprel - Sputnik. Təhsil naziri Emin Əmrullayev fevralın sonundan başlayaraq koronavirusa yoluxma sayında artım müşahidə olunduğunu, yoluxanlar arasında müəllim və şagirdlərə də rast gəlindiyini qeyd edib.  

Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə "Facebook" səhifəsində “Pandemiya dövründə tədrisin təşkili”nə həsr olunan canlı yayımda bildirib.

Nazir qeyd edib ki, bu şəraitdə müəyyən qərarlar verilməli idi.

"Bu zaman həm qısamüddətli, həm də uzunmüddətli hədəflər nəzərə alınıb. Ən vacib olan müəllim və şagirdlərin sağlamlığıdır", o, deyib. 

O, həmçinin qeyd edib ki, yoluxma sayı azalan anda dərhal ənənəvi təhsilə keçməyin tərəfdarıdır. 

"Məktəblərin sonrakı fəaliyyəti ilə bağlı gələn həftənin ortalarında dəqiq proqnoz vermək mümkün olacaq", - deyə nazir əlavə edib. 

Emin Əmrullayev həmçinin deyib ki, martın son 3 günü ərzində 61 məktəb distant təhsilə keçmək məcburiyyətində qaldı. Onlardan 24-ü Bakı şəhərinin payına düşüb. 

O bildirib ki, qarşıdakı həftələrdə nə olacağı ilə bağlı qeyri-müəyyənlik var:

"Hətta bəzi vətəndaşlarımız bu yoluxma sayında belə müəllim və şagirdlərin məktəbə getməsinin tərəfdarıdır. Amma nəzərə alaq ki, gündəlik yoluxmaların 4-6 faizi müəllimlər olur".