CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bölgələrdə koronavirusa yoluxma niyə artıb?

"Vaksinasiya prosesinin sürətinin zəif getdiyi bölgələrdə yoluxma riski böyükdür. Vaksinasiyanın sürətli aparılması yoluxma sayının azalmasına təsir edə bilər" - millət vəkili
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 2 aprel — Sputnik. Azərbaycanda son həftə ərzində olan yoluxmaların 80%-dən çoxu bölgələrin payına düşür. Bu barədə təhsil naziri Emin Əmrullayev bildirib.

Sputnik Azərbaycan ölkəmizdə koronavirusa yoluxmanın daha çox hansı ərazilərdə qeydə alındığını, bunun səbəbərini araşdırıb.

Koronavirus.az saytında yer alan statistik məlumata görə, Bakıda koronavirusa son həftə yoluxma faizi 52,9 faiz idisə, hazırda bu göstərici 53,7 faizə yüksəlib. Sonrakı yerlərdə 12,9 faizlə Abşeron, 12,4 faizlə Aran, 7,8 faizlə Gəncə-Qazax, 3,5 faizlə Şəki-Zaqatala, 2,9 faizlə Quba-Xaçmaz, 2,7 faizlə Lənkəran, 2,4 faizlə Dağlıq Şirvan, 1,4 faizlə Yuxarı Qarabağ qərarlaşıb. Ölkə üzrə ən aşağı yoluxma faizi ənənəvi olaraq Naxçıvan Muxtar Respublikasındadır. Rəsmi məlumata görə, ölkə xaricində yoluxanlar ümumi yoluxanların 0,3 faizini təşkil edir.

Bu gün COVID-dən 24 nəfəri itirdik, yoluxma sayı kabus həddində

İnfeksionist Vüqar Cavadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son 15 gündə yoluxan xəstələr arasında kiçik təhlil aparıb: "Nəticədə görürəm ki, yaşlı insanlar daha çox yas yerlərində kütləvi yoluxurlar. Maraqlısı da odur ki, yaşlı insanlar koronavirusdan dünyasını dəyişən insanın yasına gedirlər. Cavan insanlar daha aktiv həyat tərzi keçirdiyinə görə onlar avtobuslarda, kafe və restoranlarda daha çox yoluxurlar".

İnfeksionist bildirir ki, epidemik cəhətcə deyilənləri təhlil edib yoluxmalar daha çox baş verən yerlərdə əks-epidemik tədbirlər gücləndirilsə, yaxşı olar: "Gündəlik yoluxanlar arasında epidemik anamnez toplamaq lazımdır. Yəni, bunlar 14 gün ərzində harada olublar, haraya gediblər, hərarəti olan xəstələrlə kontaktda olublarmı və s.".

Millət vəkili, Milli Məcisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bölgələrdə artımın olması turistik bölgələrə əhalinin bayram vaxtı getməsi ilə bağlıdır: "Diqqət edirsinizsə, bu gün Şəki yoluxma sayı çox olan şəhərlərdəndir. Bundan əlavə, rayonlarda müvafiq qoruma tədbirlərinə riayət edilməməsi, xeyir-şər tədbirlərinin təşkili yoluxmaların sayının artmasına gətirib çıxarda bilər. Vaksinasiya prosesinin sürətinin zəif getdiyi bölgələrdə yoluxma riski böyükdür. Vaksinasiyanın sürətli aparılması yoluxma sayının azalmasına təsir edə bilər".