RUSİYA

Rusiyada istehsal olunacaq yeni "stels" bombardmançının eskizləri təsdiq olunub

Yeni bombardmançının 2027-ci ilə qədər silahlanmaya qəbul olunacağı gözlənilir. Onun Rusiya hava-kosmik qüvvələrində raketdaşıyan Tu-95MS təyyarələrini əvəz edəcəyi planlaşdırılır
Sputnik

BAKI, 2 aprel — Sputnik. Rusiyanın Müdafiə Nazirliyi "stels" tipli yeni bombardmançı təyyarənin son eskizlərini artıq təsdiq edib. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, yeni uzaq mənzilli perspektiv aviasiya kompleksi (UM PAK) "Tupolev" Publik Səhmdar Cəmiyyəti tərəfindən hazırlanır.

Yeni texnologiyada mütəxəssislər əsas üstünlüyü təyyarənin aşkar olunması ehtimalının azaldılmasına və uzaqvuran silahlarla təchizatına veriblər.

"Təyyarənin radiolokasiya sistemləri tərəfindən aşkarlanması və yeni modelin aerodinamik xüsusiyyətləri ilə bağlı aparılan sınaqların nəticələri əsasında "stels"in son texniki maketi təsdiq olunub. Hazırda işçi layihələr əsasında bir neçə təcrübə nümunələri hazırlanır", - deyə Müdafiə Nazirliyindəki mənbə bildirib.

Onun sözlərinə görə, yeni təyyarə "uçan qanad" aerodinamik sxemi əsasında işlənəcək, səs sürətindən aşağı sürətlə, lakin daha uzun müddət havada qalmağa qadir olacaq.

Yeni təyyarədə yalnız füzelyaj daxili silahlar, o cümlədən uzaq mənzilli qanadlı raketlər və hipersəs sürətli raketlər quraşdırılacaq.

Hollivudsayağı "ulduz müharibələri" üçün material: Rusiyanın yeni silahı çox iddialıdır

Təyyarənin daxili avadanlığı isə maksimum avtomatlaşdırılacaq və hətta pilotsuz tətbiqinə qədər təkmil olacaq. UM PAK-ın konsepsiyasında üstünlük "stels" texnologiyasına və buna uyğun tətbiqinə, o cümlədən "uzun əllər" (uzaqvuran silahlar) texnologiyasına verilib.

"Yeni bombardmançının PUA qruplarını idarə edə və "hava-hava" tipli bütün raketlərdən atəş aça biləcəyi nəzərdə tutulur", - deyə mənbə bildirib.

Xatırladaq ki, bir müddət əvvəl hərbi-sənaye kompleksindəki başqa bir mənbə yeni bombardmançının NATO ölkələrinin hava hücumundan müdafiə sistemlərini gözə görünmədən keçəcəyini bildirib.

Yeni bombardmançının 2027-ci ilə qədər silahlanmaya qəbul olunacağı gözlənilir. Onun Rusiya hava-kosmik qüvvələrində raketdaşıyan Tu-95MS təyyarələrini əvəz edəcəyi planlaşdırılır.