CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əli Əsədov ərzaq balansının tərtibi mexanizmi ilə bağlı Tədbirlər Planını imzaladı

Cari ildə Dövlət Statistika Komitəsi, Dövlət Gömrük Komitəsi istehsal, idxal və ixrac olunan buğdanın təyinatı və (və ya) siniflər üzrə bölgüsü barədə məlumatları əldə etmək məqsədilə mövcud təsnifat sistemlərinin təkmilləşdirilməsini həyata keçirəcək
Sputnik

 

BAKI, 1 aprel — Sputnik. Nazirlər Kabineti "Ərzaq balansının tərtibi mexanizminin təkmilləşdirilməsi ilə bağlı Tədbirlər Planı"nı təsdiq edib.

Sputnik Azərbaycan xəbər verir ki, Tədbirlər Planına əsasən, 2021-ci il ərzində Dövlət Statistika Komitəsi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsinə mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla ərzaq balansının hesabat ili üzrə göstəricilərinin hesablanması metodologiyasının təkmilləşdirilməsi tapşırılıb.

Cari ildə Dövlət Statistika Komitəsi, Dövlət Gömrük Komitəsi istehsal, idxal və ixrac olunan buğdanın təyinatı və (və ya) siniflər üzrə bölgüsü barədə məlumatları əldə etmək məqsədilə mövcud təsnifat sistemlərinin təkmilləşdirilməsini həyata keçirəcək.

Hər il yanvar ayının 30-dək Kənd Təsərrüfatı Nazirliyi buğdanın istehsalı və anbar qalıqları barədə "Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi"ndə mövcud olan məlumatların İqtisadiyyat Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Qida Təhlükəsizliyi Agentliyinə təqdim edəcək.

2021-ci ildən başlayaraq yerli icra hakimiyyəti orqanları, Dövlət Statistika Komitəsi tərəfindən kənd inzibati ərazi dairələri üçün təsərrüfatbaşına uçot kitablarında ailə kəndli və ev təsərrüfatları üzrə məlumatların vaxtında və keyfiyyətlə doldurulmasının təmin olunması üçün nəzarət tədbirləri həyata keçiriləcək.