SƏHİYYƏ

Gənclər arasında da çox ağır gedişat və itkilərimiz var - TƏBİB rəsmisi

Yaqut Qarayeva: "Normal haldır ki, yoluxanların sayı artırsa, ağırlaşmaların və ölənlərin də sayı artır. Bunlar bir-biri ilə əlaqəli olaraq artan rəqəmlərdir".
Sputnik

BAKI, 1 aprel - Sputnik. TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva uşaqlar arasında COVID-19-a yoluxma sayının artması, uşaqlar üçün çarpayılar ayrılması məsələsinə aydınlıq gətirib.

Y. Qarayeva APA-ya bildirib ki, COVID-19-un “Britaniya ştammı”nın yayılma sürəti yüksək olduğu üçün daha çox insanın bu virusa yoluxmasına səbəb olur:

“Yoluxmalar arasında isə gözəçarpan qədər gənclər və uşaqlar ola bilər. Bu, ştammın xəstəlik törətmə deyil, yoluxdurma qabiliyyətindən ortaya gələn problemlərdir. Pandemiya başlayanda daha çox yaşlılarımız risk altında idi. 1 il ərzində isə məlum oldu ki, bu, sadəcə, yaşlılar arasında fəsadlar törətmir. Artıq orta yaşlılar və gənclər arasında çox ağır, fəsadlaşmış gedişat görürük, hətta itkilərimiz də var”.

Y.Qarayeva qeyd edib ki, rəqəmlərin artması statistik göstəricidir: “Bunların klinik gedişatla əlaqəsini göstərmək üçün mütləq araşdırma aparılmalıdır. Normal haldır ki, yoluxanların sayı artırsa, ağırlaşmaların və ölənlərin də sayı artır. Bunlar bir-biri ilə əlaqəli olaraq artan rəqəmlərdir”.