CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cavanşir Quliyev: Musiqimiz də, dinləyicimiz də keyfiyyətsizləşir

Bəstəkar: "Çağdaş Azərbaycan musiqisi yol ayrıcındadır – Ya Üzeyir bəyin və Qara Qarayevin cızdıqları yolla irəliləyəcəyik, ya da dəbdə olan köhnə və keyfiyyətsiz şablonları təkrar edərək yerimizdə sayacağıq".
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 1 aprel — Sputnik. O, müasir Azərbaycanın ilk hərbi marşının müəllifidir. İlk dəfə sazı kamera musiqisində kamanla, violonçellə, fleyta ilə bərabər şəkildə tədbiq edən, sazı və zurnanı simfonik və simfo-caz orkestrlərin tərkibinə daxil edərək, əsas alətlər şəklində işlədən bəstəkar genişşaxəli fəaliyyəti zamanı dövlət, millət üçün önəmli olan çox fikirləri nota çevirib, musiqi dilində danışıb. Söhbət Azərbaycan Kinematoqrafçılar ittifaqının üzvü, əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevdən gedir.

Rusiyanın məşhur teatrında "Yeddi gözəl" baleti nümayiş olunacaq

C.Quliyev Şəkidə doğulub. Şəki Musiqi Texnikumunda, Azərbaycan Dövlət Konservatoriyasının Xalq Çalğı Alətləri Fakültəsinin Tar Şöbəsində təhsil alıb. Daha sonra Konservatoriyanın bəstəkarlıq fakültəsində təhsilini davam etdirib, görkəmli bəstəkar Cövdət Hacıyevin sinfini bitirib. Tələbəlik illərindən bəstəkarlıqda eksperimentlərinə başlayıb, yazdığı "Birinci Kvartetdə", gələcəkdə əsas yaradıcılıq prinsipi olan milli musiqinin çağdaş bəstəkarlıq texnikası ilə sintezləşdirərək, yeni musiqi tərzinin üzə çıxmasına nail olub. "Millilik və müasirlik" baxımından yaradıcı mübahisələrə səbəb olan əsər dinləyənlər tərəfindən böyük maraqla qarşılanıb. Sonralar C.Quliyevin bu üslubda bəstələdiyi bir sıra başqa əsərləri Avropanın çeşidli ölkələrində və Amerikada ifa olunaraq, böyük rəğbət görüb. 1973-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində səs rejissoru kimi çalışıb, 1990-1993 illərdə Azərbaycan Dövlət Konsert Birliyinin bədii rəhbəri, 1980-1998 illərdə Konservatoriyada, 1994-2003 illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyib. Eyni zamanda 1992-ci il sentyabr ayının 1-dən 2005-ci ilə qədər Akademik Milli Dram Teatrında musiqi hissə müdiri işləyib.

Açıq fikirli olması ilə seçilən sənətkar əksər vaxtlarda qadağalarla üzləşib. Hazırda vətəndən kənarda yaşayan bəstəkar son 15 ildir ki, Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitetinin Səhnə Sənətləri fakültəsində çalışır. Bəstəkar vətəndən uzaqlaşması, Azərbaycan musiqisinin bugünkü vəziyyəti və problemləri ilə bağlı Sputnik Azərbaycan-a danışıb.

- Neçə ildir ki, Azərbaycanda yoxsunuz. Nə dəyişib?

Çox şey... Azərbaycan da, dünya da çox dəyişildilər. Əvvəla, illərlə istədiyimiz Vətən müharibəsi nəhayət ki, baş tutdu, ordumuzun, xalqımızın və hakimiyyətin görünməmiş birliyi nəticəsində torpaqlarımızın böyük hissəsi yenidən Vətənə qovuşdu. Dünyanın Azərbaycana baxışı xeyli dəyişdi – bir çox ölkə bizim mübarizəmizi haqlı hesab etdi, qardaş Türkiyə bizə çox böyük dəstək verdi – həm maddi, həm mənəvi, həm siyasi. Sonra koronavirus bizim düşüncələrimizə xeyli təsir etdi, bir daha əmin olduq ki, kiçik, gözlə görünməyən bir virus həyatımızı alt-üst edə bilər, ona görə də yaşam tərzimizi gözdən keçirmək məcburiyyətində qaldıq, virusla bərabər yaşamağa öyrənirik.

- Azərbaycandan getməyinizin səbəbi nə idi?

- İşdən çıxarılmışdım, qadağalar hiss edirdim. Adım yerli telekanalların "qara siyahılarına" düşmüşdü. Heç bir mədəni tədbirlərə dəvət almırdım. Müğənnilər mənim repertuarıma müraciət etməyə çəkinirdilər. Bir sözlə, mənim üzərimdən, necə deyərlər, "qalın xətt" çəkilmişdi. Mən də özümə iş axtarmağa məcbur oldum. Şimali Kiprdə iş tapdım. O vaxtdan Şimali Kipr Yaxın Şərq Universitetinin səhnə sənətləri fakültəsinin professoruyam, 2018-ci ildən isə həmin fakültənin dekanı vəzifəsində çalışıram.

- Azərbaycan musiqisinin bugünkü vəziyyəti sizi qane edirmi?

- Çağdaş Azərbaycan musiqisi yol ayrıcındadır – Ya Üzeyir bəyin və Qara Qarayevin cızdıqları yolla irəliləyəcəyik: bu yol dünya musiqisinin müasir texniki nailiyyətlərinin milli musiqidə tədbiqi nəticəsində yeni tip Azərbaycan musiqisinin ortaya çıxacağı bir yoldur; ya da dəbdə olan köhnə və keyfiyyətsiz şablonları təkrar edərək yerimizdə sayacağıq. Mən birinci yolun ikinci yol tərəfindən təzyiqə məruz qaldığını görürəm və buna üzülürəm. Azərbaycanda gənclərin ciddi akademik musiqiyə maraqlarının azaldığını görürəm, filarmoniyada simfonik konsertlərdə dinləyiciləri, əsasən, musiqiçilər, musiqişünaslar, onların dostları və qohumları və cüzi miqdarda "sərbəst" dinləyicilər təşkil edir. Bu son 20-25 ildir belədir və məni narahat edir. Musiqimiz də, dinləyicimiz də keyfiyyətsizləşir.

- Razılaşırsınızsa, bu gün yazılan mahnılar uzunömürlü olmur, yazılan mahnıların az qismi insanlara təsir edir. İnsanlar köhnə mahnıların həsrətini çəkirlər. Sizcə, bu nə ilə bağlıdır?

Moskvada Qara Qarayevin adına musiqi müsabiqəsi keçirilib

- Ara-sıra keyfiyyətli mahnılar yaransa da, ümumi görüntü elədir, doğrudur. Bunun, məncə, bir neçə səbəbi var. Əvvəla, bu mahnıları qoşanların musiqi bilikləri çox azdır, yaratdıqlarının keyfiyyətini analiz edə bilmirlər. Peşəkarı qeyri-peşəkardan ayıran xüsusiyyətlərdən biri də odur ki, peşəkar nə yaratdığını və nələri edə bilmədiklərini dəqiq bilir, amma həvəskar yaradıcı etdiyini, nə olduğunu bilmir, çünki araşdırmaq və dəyər vermək üçün yetərli biliyə sahib deyil. İkincisi, mən bunu dəfələrlə demişəm, musiqi təbliğatının başında dayananların (teleradiokanalların musiqi redaktorlarının əksəriyyəti) musiqi bilikləri aşağı səviyyədə olduğundan, pisi yaxşıdan ayıra bilmirlər, nəticədə keyfiyyətsiz musiqi efirə ayaq açır və bu "musiqi"ni yaradanları bu cür musiqi "bəstələməyə" daha da həvəsləndirir. Dinləyicilər isə bu "əsərləri" bəyənmədiklərindən vaxtilə sevdikləri mahnıları yenidən dinləmək istəyirlər, bunun nəticəsində də efirdə çox sayda yenilənmiş köhnə mahnılara rast gəlmək olur. Təbii ki, bizim bəstəkarların elə mahnıları var ki, artıq onlar klassikləşib və hər yeni nəsil dinləyicilər onları dinləməlidirlər. Onlarla yanaşı, yeni yaranan yüksək keyfiyyətli mahnılar da olmalıdır. Fəqət onların sayı çox azdır, ümumi zövqsüzlük fonunda görünmürlər. Yəni, sualınızın cavabını qısaca belə vermək olar: musiqi təbliğatının yetərsizliyi ilə!

- Son vaxtlar remiks dəbdədir. Sizin bəstəniz olan, Aygün Kazımovanın ifa etdiyi "Tənha qadın" mahnısını bir nəfər remiks etmişdi, siz buna etiraz etmişdiniz. Ümumiyyətlə, remiksə qarşısınız, yoxsa həmin işi bəyənmədiniz?

- Ümumilikdə, remiksə qarşı deyiləm. Əksinə, mən də hərdən bəzi köhnə mahnılarımı remiks edirəm. Amma, remiks bəhanəsi ilə hər işlənən məhnını da bəyənəsi deyiləm. Məsələ remiksdə deyil, məsələ onun necə edildiyindədir. Adını çəkdiyiniz "Tənha qadın" mahnısının remiksi əsərin məzmunu nəzərə alınmadan edilmişdi. Əsər müharibədə ərlərini şəhid vermiş qadınlara həsr olunub. Bu mövzunu rəqsvari bir əsərə çevirmək, razılaşın ki, mövzu ilə uyğun deyil. Remiks xatirinə mahnıların məzmununu, ab-havasını dəyişmək, məncə, doğru deyil. Niyə? Çünki əsər hədəfini itirir, illərlə toplamış dinləyici kütləsini itirir. Remiks nəticəsində "Tənha qadın" həzinliyini, lirikliyini və duyğu yükünün böyük hissəsini itirdi.

- Bu gün Azərbaycanda vətənpərvərlik mövzusunda mahnılar yazılır. Amma sanki hamısı bir-birinə bənzəyir. Sizin buna münasibətinizi bilmək istərdik. Sizcə, bunun səbəbi nədir?

- Vətənpərvərlik mövzusunda tutarlı bir əsər yazmaq üçün gərək öncə həqiqi vətənpərvər olasan, "boğazdan yuxarı" yox. "Qonşu etdi, mən qaldım" prinsipiylə yazılmamalıdı əsər. Yazanın içinin dərinliklərindən o istək gəlməlidir, yoxsa heç bir şey alınmayacaq. Bu musiqinin müəyyən yazılmayan qaydaları var, onları da bilmək gərək. İstedad da sonuncu amil deyil, təbii. Yuxarıda ümumilikdə mahnılarımız haqda dediklərimin böyük hissəsi vətənpərvərlik mövzulu əsərlərə də aiddir.

- Son illər Azərbaycanda marş demək olar ki, çox az yazılır. Halbuki, biz 30 il idi ki, müharibə şəraitində yaşamışıq...

- Çünki Azərbaycanda hərbi və vətənpərvərlik musiqisi təşviq olunmurdu. Kim təşviq etməli idi? Tele-radio kanalları,  konsert təşkilatları, rayon və şəhərlərin mədəniyyət şöbələri, bir sözlə, mədəniyyət idarələri.

- Bu gün televiziyalarımızda bayağı musiqilər səslənir. Bunun qarşısını almaq üçün bir sənət adamı olaraq nə təklif edirsiniz?

Bizim Cəbiş müəllim Qarabağın inciləri haqda: Xan Şuşinski fenomeni - VİDEO

- Tele-radio kanallarına savadlı və peşəkar musiqişünaslar işə götürülməlidir. Musiqi təbliğatı kanalın reytinqi xatirinə aparılmamalıdır. Müntəzəm şəkildə Bəstəkarlar İttifaqı və Mədəniyyət Nazirliyinin müvafiq strukturları ilə məsləhətləşmələr aparılmalıdır. Ayrı-ayrı mütəxəsisslərin rəyləri nəzərə alınmalıdır, onların tövsiyələri həyata keçirilməlidir. Mətbuatda çıxan tənqidlərə ciddi yanaşılmalıdır…Nəticədə, bu işə ehtirasla yox, ağılla yanaşılmalıdır.

- Sizin məşhur "Qarabağ marşı" haqqında danışardınız. Həmin marş "Fəryad" filmi üçün nəzərdə tutulub?

- "Qarabağ marşı"nı 1993-cü ildə çəkilən "Fəryad" filmi üçün yazmışdım. Ümumiyyətlə, filmin musiqisi həcm etibarilə çox idi. Bu, bəstəkarlarda bir növ adətdir. Filmin, yaxud teatr tamaşasının musiqisini lazım olandan çox yazmaq. Niyə? Gözlənilməz yerdə musiqi lazım ola bilər, ona görə. Marşın filmə daxil olmamasının özəl bir səbəbi yoxdur. Mən və filmi montaj edən Vaqif Mustafayev xorun ifasını o zaman lazım bilmədik. Bu musiqi filminin finalında orkestrin ifasında səslənir.