BAKI, 1 aprel - Sputnik. "10 gün əvvəl Çinlə Azərbaycan arasında bağlanan 5 milyon doza ilə bağlı müqaviləyə əsasən Azərbaycana bu gün peyvənd gətirilib".
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. O bildirib ki, bu gün 500 min doza "CoronaVac” vaksini gətirilib.
Qeyd edək ki, martın 30-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin GAVİ (Vaksin və İmmunizasiya üzrə Qlobal Alyansı) təşkilatının Kommunikasiya üzrə baş meneceri Rozi Qrivs və UNICEF-in (BMT-nin Uşaq Fondu) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə onlayn formatda görüşü olub. Görüş zamanı 84 min doza "AstraZeneca" və 218 790 doza “Pfizer-BioNTech” vaksinlərinin müvafiq olaraq aprelin 5-də və 8 həftə ərzində Azərbaycana tədarükü barədə razılaşma əldə olunub.