QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İşğaldan azad olunmuş ərazilərdə açıq səma altında işğal muzeyi qurulacaq

Anar Kərimov: "Prezident İlham Əliyevin də elan etdiyi kimi, Ağdamda açıq səmada işğal muzeyinin layihələndirilməsi prosesindəyik".
Sputnik

BAKI, 31 mart — Sputnik. Mədəniyyət naziri Anar Kərimov işğaldan azad edilmiş ərazilərdə açıq səma altında qurulacaq işğal muzeyindən danışıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri bildirib:

"İşğaldan azad edilmiş ərazilərdəki muzey və abidələrin bərpası ilə bağlı layihələndirmə prosesindəyik. Bu prosesə birinci Ağdam rayonundan başlayırıq".

Onun sözlərinə görə, bu sahəyə beynəlxalq ekspertlər cəlb edilib: "Prezident İlham Əliyevin də elan etdiyi kimi, Ağdamda açıq səmada işğal muzeyinin layihələndirilməsi prosesindəyik. Məqsədimiz ondan ibarətdir ki, insanlar açıq səmadakı muzeydə dağıntıların miqyasını, erməni vəhşiliyini və xislətini görə bilsin".