BAKI, 31 mart — Sputnik. Vətən müharibəsi zamanı Ermənistan Azərbaycana qarşı "İskəndər" raketlərindən istifadə edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) nümayəndəsi Caliber.az-a müsahibəsində bildirib.
- Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan, Baş nazir Nikol Paşinyan və Ermənistan Müdafiə Nazirliyinin keçmiş baş hərbi müfəttişi Movses Akopyan 44 günlük müharibə zamanı Ermənistanın Azərbaycana qarşı "İskəndər" raket kompleksindən istifadə etdiyini bildirdi. Son günlərdə bu məsələ yenidən erməni mediasında müzakirə mövzusuna çevrilib, sosial şəbəkələrdə isə raketin atılmasını göstərən videolar tirajlanmağa başlayıb. Bu cür açıqlamaları necə şərh edərdiniz?
- Bu cür açıqlamaları şərh etmək bizim səlahiyyətimizdən kənardır.
- Bəlkə işçiləriniz hər hansı bir raket parçası tapıblar?
- 2020-ci ilin dekabrından bəri işğaldan azad edilmiş Şuşa şəhərində Minaların Təmizlənməsi Agentliyi mina təmizlənməsi və döyüş sursatlarının zərərsizləşdirilməsi işlərini davam etdirir. 15 mart 2021-ci il tarixdə şəhərdə agentlik əməkdaşları tərəfindən aparılan təmizləmə əməliyyatı zamanı iki partlamış raketin parçaları tapılıb.
- Qalıqların tapıldığı yerin koordinatlarını verə bilərsinizmi?
- Raket parçalarının coğrafi koordinatları belədir: 39 ° 45'38.10 "N 46 ° 44'33.90" E və 39 ° 45'27.80 "N 46 ° 45'25.80"E. Agentliyin mütəxəssisləri tərəfindən raketin identifikasiya nömrəsini (9M723) araşdırarkən onun qalıqlarının "İskəndər" raket sisteminə aid olduğu aşkar edilib.
Hətta açıq internet mənbələrində axtarış apararkən belə 9M723 eyniləşdirmə nömrəsinin "İskəndər" raketinə aid olduğunu müəyyən etmək mümkündür.
Bütün bunlar Vətən müharibəsi dövründə, xüsusən Şuşa şəhərini dağıtmaq üçün Ermənistanın Azərbaycana qarşı "İskəndər" raketlərindən istifadə etdiyini təsdiqləyir.