Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 31 mart — Sputnik. Saxlanılmış erməni hərbçilər barədə çox yazılır və Qərb ölkələri tərəfindən Azərbaycana güclü təzyiqlər edilir. Qısa şəkildə qeyd etmək istəyirəm ki, Azərbaycan bütün hərbi əsirləri təhvil verib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.
"Lakin 10 noyabr bəyannaməsinin 4-cü bəndinə əsasən bütün erməni hərbi birləşmələri Azərbaycan ərazisindən çıxarılmalıdır və bu müddəa hələ də yerinə yetirilməyib. Bu bəndin ikili izahı yoxdur - Qarabağın Rusiya sülhməramlılarının yerləşdirildiyi hissəsi beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisidir. Erməni hərbçilər məsələsi ilə bağlı danışıqlar aparılır və müsbət nəticələr əldə edilərsə, o zaman Azərbaycan da xoşməramlı digər addımların mümkünlüyünü nəzərdən keçirə bilər. Təbii ki, 2020-ci ilin dekabrında 3 azərbaycanlı hərbçini və bir mülki işçini öldürən ermənilərin məsələsi də gündəmdədir. Mənə maraqlıdır ki, amerikalı qanun yazarı Bob Menendesin cəzası verilməmiş cinayət məsələsinə yanaşması necədir? Açığı bu ikiüzlü "qanun yazarı" məni o qədər də narahat etmir", - deyə Şəfiyev vurğulayıb.
BMTM sədri bildirib ki, bir sıra beynəlxalq QHT İkinci Qarabağ müharibəsi zamanı törədilmiş hərbi cinayətlərə dair bəzi hesabatlar hazırlayıblar: "Onların içərisində obyektiv olanları qədər "Human Rights Watch"-un bu yaxınlarda hazırladığı nəşri kimi qərəzli mövqe nümayiş etdirənləri də var. Hərbi cinayətlərin araşdırılması son dərəcə vacibdir və bununla yanaşı Azərbaycan Ermənistanın törətdiyi çoxsaylı hərbi cinayətlərlə əlaqədar beynəlxalq məhkəmələrdə qaldırdığı hüquqi tələbləri davam etdirməlidir. Bu məsələdə qərəzli mövqe nümayiş etdirən QHT ilə hər növ əməkdaşlıq dayandırılmalıdır".