RUSİYA

"Politico": "Rusiyalı hakerlər" ABŞ dövlət departamentinin minlərlə məktubunu oğurlayıb

Hakerlər Departamentin Avropa və Avrasiya, habelə Şərqi Asiya və Sakit okean regionu bölmələrinin elektron poçt qutularını qırıblar.
Sputnik

BAKI, 31 mart — Sputnik. Rusiyalı olduğu ehtimal edilən hakerlər ötən il ərzində ABŞ Dövlət Departamenti əməkdaşlarının minlərlə elektron məktubunu əldə etməyə müvəffəq olublar. Bu barədə Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir.

"Politico" məcmuəsinin yaydığı məlumata görə, hakerlər Departamentin Avropa və Avrasiya, habelə Şərqi Asiya və Sakit okean regionu bölmələrinin elektron poçt qutularını qırıblar. Hazırda hakerlərin məxfi məlumatları əldə edib-etmədikləri araşdırılır. Baş vermiş hadisənin "SolarWinds" şirkəti ilə bağlı kiberoğurluğun bir hissəsi olub-olmaması da sual altındadır.

Xatırladaq ki, 2020-ci ilin dekabr ayında hakerlər "SolarWinds" kompüter təhlükəsizliyi şirkətinin müştərilərinin elektron məlumatlarına hücum həyata keçirib. ABŞ həmin hücumda Rusiyanı ittiham edib. Vaşinqtonda bildiriblər ki, ABŞ-ın hökumət idarələrinin də məruz qaldığı hücumun məqsədi kəşfiyyat məlumatlarının əldə olunması olub. Lakin hücumun təşkilatçıları "həssas məlumatları" əldə edə bilməyiblər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sözügedən kiberhücumların Moskvaya aidiyyətinin olmadığını bildirib. Rusiya XİN rəsmisi Mariya Zaxarova isə ABŞ-ın Amerika federal idarələrinin elektron məlumatlarına kütləvi haker hücumlarında Rusiyanın əlinin olması ilə bağlı ittihamlarını əsassız adlandırıb.