CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda maskalar niyə bahadır?

"Yerli istehsalda rəqabət yoxdur. Bu da qiymətin yüksək olmasına təsir edən amillərdəndir. Rusiya, Qazaxıstan kimi ölkələrdə isə 10-larla belə müəssisə var ki, bu da rəqabət mühiti yaradır".
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 31 mart — Sputnik. Bir çox ölkələrlə müqayisədə ölkəmizdə maskaların qiyməti daha yüksəkdir. İqtisadçı Qubad İbadoğlu bildirir ki, Qazaxıstanda 1 dollara 42, Rusiyada 35, Ukraynada 18 ədəd yerli istehsal olan tibbi maska almaq mümkün olduğu halda Azərbaycanda həmin məbləğə 7 ədəd maska almaq olar. Ekspert burdan belə bir qənaətə gəlir ki, ölkədə yerli maska istehsalının töhfəsi olmayıb.

Ötən ilin mayından Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə "Qobu Yaşayış Massivi 3"-də fəaliyyətə başlayan "Gill Med" maska istehsalı müəssisəsinin satış üzrə təmsilçisi Bəhruz İsmayılzadə maskaya tələbatın azaldığını deyir:

"Tələbat azalıb, zəifdir. Bizim istehsalımız Sumqayıtda olan istehsaldan fərqlidir. Biz ancaq tibbi müəssisələri maska ilə təmin edirik, aptekləri yox. Ötən il maska qıtlığı oldu deyə tələbat artdı. Sonradan xaricdən maskanın gətirilməsinə icazə verildiyi üçün tələbat azaldı. Ötən illə müqayisədə maskanın qiyməti dəyişib. Öncələr maskanın bir dənəsini 35-40 qəpiyə satırdıq, hazırda isə 15-20 qəpiyə satırıq. Ən çox rezini baha əldə edirdik. Rezini yerli bazardan 23 qəpiyə əldə edirik. Yəni maskaların baha olmasının səbəblərindən biri də budur".

Onun sözlərinə görə, artıq yerli bazarda maska qıtlığı olmadığından topa olaraq rezin alanlar məhsulları əllərində qalmasın deyə onu ucuz satıblar. Bu səbəbdən də, hazırda "Gill Med" də maskanın qiymətini endirib. O bildirir ki, 1 qatlı maskalar 15, iki qatlı maskalar isə 20 qəpikdən satılır. 

"Açıq havada tək olsanız, maska taxmaya bilərsiniz" - TƏBİB rəsmisi

B.İsmayılzadə deyir ki, alıcılıq qabiliyyətinin zəif olması bizim işimizə mənfi təsir edib: "Maska istehsalı zəifləyib, amma digər işlərimiz gedir".

Maskaların baha olmasının səbəblərindən danışan B.İsmayılzadə bildirir ki, gömrük deklorasiyası da buna təsir edir:

"Vergilər, gömrük deklorasiyası da bunu təsdir edir. Təbii ki, belə olan halda sahibkar da malın üzərinə 3-4 manat qoymalıdır".

Satış təmsilçisinin sözlərinə görə, öncələr müəssisə aylıq 5 min maska satırdısa, hazırda heç 1000 ədəd sata bilmirlər. İstehsal gücünə gəldikdə isə B.İsmayılzadə deyir ki, istənilən qədər maska istehsalını həyata keçirə bilərlər. Mövcud işçi qüvvəsi də buna imkan verir.

Bəs, yerli bazarda maskanın daha ucuz satılması üçün hansı tədbirlər görülməlidir?

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb:

"Yerli istehsalda rəqabət yoxdur. Bu da qiymətin yüksək olmasına səbəb olan amillərdəndir. Rusiya, Qazaxıstan kimi ölkələrdə 10-larla belə müəssisə var ki, bu da rəqabətli mühit yaradır. Maska istehsalı ilə məşğul olan müəssisənin xammalı da xaricdən, əsasən Çindən gətirilir. Təbii ki, bu zaman məhsulun maya dəyəri yüksəlir".

Natiq Cəfərlinin sözlərinə görə, ölkəyə gətirilən maskalarda rüsum yüksəkdir.

"Daxili istehsalı qorumaq adı altında əlavə dəyər vergisinin olması da qiymətlərə təsir edir. Lakin daxili istehsalın gücü çatmadığı üçün xaricdən gətirilən maskalar baha başa gəlir. Gömrük və vergi rüsumunun yüksək olması xaricdən gətirilən məhsulların da rəqabətliliyinin qarşısını alır".

O bildirir ki, vəziyyətdən çıxış yolu ya yerli müəssisələrin sayının artırılması, ya da vergi dərəcələri ilə bağlı müvəqqəti güzəştlərin tətbiq edilməsidir.