CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhid ailəsinin etimadından sui-istifadə edən dələduzlar saxlanılıblar

Bu adamlar hissə-hissə olmaqla şəhid ailəsinin ümumilkdə 1850 manat pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçiriblər.
Sputnik

BAKI, 30 mart — Sputnik. Şəhid ailəsinin etimadından sui-istifadə edənlər saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Tovuz rayonunda şəhid ailəsinin etimadından sui-istifadə etməklə dələduzluğa yol verməkdə təqsirləndirilən şəxslər saxlanılıblar.

Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının rayon sakinindən daxil olan müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən, rayonun Xatınlı kənd  sakini Əhməd Əhmədov və onun qardaşı, “qaynar-xett.az” saytının təsisçisi Zaur Əhmədov saxlanılıblar. Araşdırma zamanı müəyyən edilib ki, onlar Vətənin müdafiəsi uğrunda  şəhid olmuş hərbi qulluqçunun ailəsi ilə əlaqə saxlayıb, valideynlərindən şəhidin sosial sığortası üçün ayrılmış vəsaitin miqdarının artırılması, adının əbədiləşdirilməsi, barəsində kitab və jurnallar dərc edilməsi, habelə yerli televiziya kanallarında verilişlər hazırlanacağını bildirərək hissə-hissə olmaqla ümumilkdə 1850 manat pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci maddəsinin (Dələduzluq) müvafiq bəndi ilə cinayət işi başlanılıb. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa “102” Zəng Mərkəzinə, Tovuz Rayon Polis Şöbəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.