BAKI, 30 mart — Sputnik. Rep ifaçısı Lil Nas X "Satanic Shoes" ("İblis ayaqqabıları") adı altında 666 cüt idman ayaqqabısı istehsal edib. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, idman ayaqqabısı "Nike Air Max 97"yə bənzəyir, sadəcə altlıq hissədə hava qabarcığı mürəkkəbə qarışmış bir damla qan ilə doldurulub.
Ayaqqabının üzərindəki "LUKE 10:18" yazısı isə Lukanın İncilindən bir hissədir: "Şeytanın göydən ildırım kimi düşdüyünü gördüm". "Nike" bu kollaborasiya ilə heç bir əlaqəsi olmadığını açıqlayıb. ""Nike" bu ayaqqabını dizayn etməyib və ya istehsal etməyib, biz bu ayaqqabını təqdir etmirik", - deyə şirkətdən bildirilib.
Bundan sonra Lil Nas X-ın "Nike"dan üzr istədiyi ilə bağlı video yayımlanıb. Bu görüntülər bir gündə 2,5 milyon baxış toplayıb. Ancaq sonra məlum olub ki, əslində video üzrxahlıq deyil, "Montero" klipi üçün çıxarışdır, sadəcə üzr kimi başlayıb.