SƏHİYYƏ

"AstraZeneca" peyvəndinin adı dəyişdi

Şirkət peyvənd üzrə mütəxəssislərə xəbərdarlıq edib ki, bundan sonra məhsul haqqında məlumat, etiketləmə və qablaşdırma fərqli görünüşdə ola bilər.
Sputnik

 

BAKI, 30 mart — Sputnik. İngilis-İsveç şirkəti "AstraZeneca"-nın COVID-19-a qarşı işləyib-hazırladığı peyvənd preparatının adı dəyişdirilərək "Vaxzevria" adlandırılıb. Bu barədə Avropa Dərman Agentliyinin (EMA) saytında məlumat verilib.

İsveçin Əczaçılıq Məhsulları Agentliyinin saytında isə qeyd olunub ki, preparatla bağlı ad dəyişikliyindən başqa bir yenilik gözlənilimir. Bununla belə, şirkət peyvənd üzrə mütəxəssislərə xəbərdarlıq edib ki, bundan sonra məhsul haqqında məlumat, etiketləmə və qablaşdırma fərqli görünüşdə ola bilər.

Qeyd edək ki, peyvəndin adının dəyişdirilməsi mart ayında vaksin vurulan insanlarda təhlükəli fəsadların baş verdiyi ilə bağlı xəbərlərin fonunda reallaşıb. Avstriyada peyvənd olunmuş bir şəxsə tromboz diaqnozu qoyulub və o, ilk dozanı alandan on gün sonra dünyasını dəyişib. Daha bir şəxs ağciyər tromboemboliyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bundan sonra digər Avropa ölkələrindən də oxşar məlumatlar daxil olmağa başlayıb. Bəzi AB ölkələri ehtiyat tədbiri kimi dərmanın istifadəsini dayandırmağa qərar verib.

Bununla belə, EMA mütəxəssisləri "AstraZeneca" peyvəndinin tromboza səbəb olduğunu təsdiqləməyiblər. Dərman tənzimləyicisi, eyni zamanda, peyvəndin təhlükəsiz və effektiv olduğunu bəyan edərək bildirib ki, əhalinin infeksiyadan müdafiə olunması baxımından bu preparatın əhəmiyyəti potensial risklərindən daha çoxdur.