RUSİYA

Moskva Paşinyanın istefa vermə qərarına münasibət bildirdi

Ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Armavir bölgəsinin sakinləri ilə görüşündə aprel ayında erkən parlament seçkiləri üçün rəsmi olaraq istefa verəcəyini söyləyib.
Sputnik

BAKI, 29 mart — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyanın istefa vermək niyyəti barədə qərarı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə dərhal danışıq tələb etmir. Onlar arasında danışıqlar müntəzəm şəkildə baş tutur. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Nikol Paşinyan Ermənistanı varlandıracaq sərvəti - "ikinci nefti" tapdığını iddia edir

"Birincisi, o axı vəzifəsinin icrasına davam edəcək. Elan olunan qərar dərhal danışığı tələb etmir... Onlar bu yaxınlarda danışıblar. Biz bu barədə məlumat vermişdik. Əlaqələr müntəzəmdir", - deyə Peskov Paşinyanla görüş və ya telefon danışığının həyata keçirilməsinin planlaşdırılması barədə sualı cavablandırarkən bildirib.

Qeyd edək ki, ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Armavir bölgəsinin sakinləri ilə görüşündə aprel ayında erkən parlament seçkiləri üçün rəsmi olaraq istefa verəcəyini söyləyib.

"Bəli, yaxın gələcəkdə, aprel ayında, erkən seçkilərin baş tutması üçün istefa verəcəm, amma bu mənim getməyim deyil. Bu müddət ərzində baş nazir vəzifəsini icra edəcəyəm".

Qeyd edək ki, Ermənistan qanunlarına görə, parlament hazırkı hökumət başçısının istefasından sonra onu iki dəfə baş nazir seçməsə, növbədənkənar seçki təyin ediləcək. Bu vəziyyətdə Paşinyan baş nazir vəzifəsini davam etdirəcək. Bundan əvvəl isə o, ölkədə növbədənkənar parlament seçkilərinin iyunun 20-də keçiriləcəyini demişdi.