BAKI, 29 mart — Sputnik. Misir Prezidenti Abdel Fəttah əs-Sisi "Ever Given" konteyner gəmisinin saydan çıxarıldığını və Süveyş kanalının açıldığını elan edib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Misir prezidenti öz rəsmi "Twitter" səhifəsində yazıb.
"Əməliyyatın müxtəlif aspektləri zamanı yaranmış böyük texniki çətinliklərə baxmayaraq misirlilər Süveyş kanalında saya oturan gəmi ilə bağlı böhranı həll etməklə bu gün uğura nail olub", - deyə əs-Sisi qeyd edib.
O vurğulayıb ki, "indi dünya vəziyyətin normaya qayıtmasından sonra bu həyati əhəmiyyətə malik arteriya ilə daşınılan yüklərə görə rahat ola bilər".
Xatırladaq ki, bu gün Süveyş kanalının dayaz yerində ilişib qalmış "Ever Given" konteyner gəmisi saydan çıxarılıb.
"Ever Given" yük gəmisinin uzunluğu 400 metrdir. O, 224 min ton yükgötürmə gücünə malikdir. Gəmi Çindən Niderlanda doğru hərəkət edirmiş. Martın 24-də gəmi kanalın 151-ci km-liyində saya oturmuşdu.
Xatırladaq ki, Aralıq dənizi ilə Qırmız dənizi birləşdirən Süveyş kanalı Avropa ilə Asiya arasında yerləşir. Onun uzunluğu 160 km, eni 250 m, dərinliyi isə 20 m-dir. Gündə kanaldan 50-yə yaxın gəmi keçir.