BAKI, 28 mart - Sputnik. Kakalos - Astara rayonunun kəndlərindəndir. Əsasən talış milliyətindən olan şəxslərin yaşadığı kəndin adı ilə bağlı müxtəlif versiyalar var.
Düzünü desək, Bakıdan Astaraya həsirçiliklə bağlı reportaj hazırlamağa getmişdik. Və burada canlı tarixlə tanış olacağımızı düşünməmişdik də. Ancaq bizi qarşılayan 80 yaşlı Fərbiyə Şabanova kəndin tarixi, muzeyi, həsirçilik, rəqs qrupu və s. haqqında ətraflı məlumatlandırdı.
O bildirdi ki, kənddə bir məktəb, bir mədəniyyət evi və bir məscid var.
Kəndin ağbirçəyi hesab edilən, sözün əsl mənasında canlı tarix olan Fərbiyə Şabanova Sputnik Azərbaycan-a danışarkən qeyd etdi ki, "kakalos" sözü talış dilində "kə" – ev, "los" – yığım, yəni ev yığımı deməkdir. Həmçinin koko/koka (qədim türk dillərində "vəhşi", "qəzəbli, quduz") və los/lus ("çölpişiyi") sözlərindən ibarət olub, "vəhşi çöl pişiyi" mənasını bildirdiyi güman edilir.
Onun sözlərinə görə, bəzi tarixi mənbələrdə kəndin adını hökmdar I Keykavusun (Şirvanşah I Keykavus (1294-1317) - red.) kənddə düşərgə quraraq bir müddət yaşaması ilə əlaqələndirirlər.
F.Şabanova Kakalos kəndində müxtəlif vəzifələrdə çalışıb. Xalq teatrının rejissoru, mədəniyyət evinin rəhbəri, qızlar qrupunun rəhbəri, muzey rəhbəri, icra nümayəndəsi və s. vəzifələrdə çalışan F.Şabanova 18 ildir ki, könüllü şəkildə kəndinə xidmət edir:
"1964-cü ildə "Əvəsor" rəqs qrupu yaratmışam. "Əvəsor" talış dilindən tərcümədə "yeni il" deməkdir. Bu qrup uzun illərdir ki, fəaliyyət göstərir. Qrupla müxtəlif ölkələrdə qastrollarda olub, mükafatlar almışıq".
Daha sonra kənddə muzey yaratmağa müvəffəq olub. Onun sözlərinə görə, Kakalos kəndində olan Astara Tarix-diyarşünaslıq muzeyi 30 bölmədən ibarətdir:
"Muzeydə 5000-ə yaxın eskponat var. Burada Kakalos kəndinin tarixi ilə bağlı maraqlı məlumatlar yer alır. Kəndimiz IX-X əsrlərdə yaradılıb. O dövrdə evlər ağacdan tikilirdi, döşəməsinə palçıq, tavanına müxtəlif bitkilər yığılırdı".
Muzeydə qədimdə toxunulmuş həsir zənbillər, hövsər (çəltik ələyən), dırmıx, ütülər, fənərlər, bürünc, mis, gümüş məmulatlar, kənd evi güşəsi, qədim qablar, cehiz sandıqları, qədim geyimlər və digər eksponatlar nümayiş etdirilir.
F.Şabanova həyat yoldaşı üçün əl işləməsi ilə hazırladığı köynəyi də muzeyə qoyub. Danışır ki, yoldaşı bu köynəyi geyinəndə fəxr edirmiş.
"Mənim formalaşmağımda yoldaşımın böyük rolu olub. O mənim irəli getməyimi çox arzulayırdı. Bu gün də yoldaşımın arzularını həyata keçirirəm. Biz sinif yoldaşı olmuşduq. Məni sevmişdi. Evlənmişdik. Təhsilimdə, həyatda atdığım bütün addımlarda onun əməyi var", - deyə Fərbiyə xanım danışır.
Muzeydə müxtəlif əskinaslar, gümüş pullar, sikkələr də nümayiş etdirilir.
F.Şabanova qeyd edib ki, Birinci Qarabağ müharibəsində kəndin üç şəhidi olub. Muzeydə onlar haqqında da məlumatlar yer alıb.
Ümumiyyətlə, Kakalos kəndi haqqında məlumatlanmaq istəyən hər bir şəxs bu muzeydə olmalı, Fərbiyə nənə ilə özü danışmalıdır.
F.Şabanova sözün əsl mənasında savadlı, bacarıqlı, zəhmətkeş qadın olub. 80 yaşı olmasına baxmayaraq, bu gün də yorulmadan, ictimai əsaslarla çalışır. Deyir ki, insanın həyatda yaşaya bilməsi üçün amalı olmalıdır.
Tarix, incəsənət, etnoqrafiya və s. isə F.Şabanovanın maraqlarına daxildir.
F.Şabanova Kakalos kəndinin mədəniyyət evində xüsusi güşələr yaradıb. Bütün arzularını, düşüncələrini burada əks etdirib.
Bir gün yolunuz Astaraya düşsə, Kakalosa baş çəkin, peşman olmayacaqsınız. Burada Fərbiyə nənənin söhbətləri, dadlı yeməkləri, yaradıcılığı ilə də tanış ola biləcəksiniz.