MƏDƏNİYYƏT

ABŞ-da yaşayan azərbaycanlı mühariəbədə əsir düşənlərlə bağlı film çəkib

Filmdə müharibə vaxtı əsir düşmüş Bəxtiyardan bəhs olunur. İllər sonra doğma kəndi işğaldan azad olunduqdan sonra Bəxtiyar ora getmək qərarına gəlir.
Sputnik

BAKI, 28 mart — Sputnik, Kəmalə Əliyeva. ABŞ-da yaşayan azərbaycanlı rejissor Elmar Bayramov müharibədə əsir düşənlərə həsr olunmuş qısametrajlı Breath ("Nəfəs") filmini çəkib. Bu barədə Sputnik Azərbaycan-a rejissorun özü məlumat verib. Film düşməndən azad edilmiş doğma torpaqlara qayıdan Bəxtiyar adlı şəxsdən bəhs edir.

Film ABŞ-ın Old stone pictures və Black Garden Company şirkətlərinin istehsalıdır. Elmar Bayramov filmin təkcə rejissoru deyil, həm də icraçı prodüseri, Ülviyyə Heydərova ilə birlikdə senaristidir. Filmin prodüserləri Elçin Ağazadə, Vüqar Yusifoğlu, Rəşad Dadaşov, operatoru Ruslan Ağazadə, bəstəkarı Vüqar Camalzadə, montajçıları Şahmar Haşımov, Röyal İsmayılov, Elmar Bayramov, ikinci rejissoru Cabir Hacıyevdir. Filmdə baş rolu aktyor Vüqar Hacıqədir ifa edir. Həmçinin filmdə əməkdar artist Rasim Cəfər, aktyorlar Tural Əhməd, Günay Əhməd çəkiliblər.

Çəkiliş Azərbaycanda baş tutub. Pandemiya ilə əlaqədar Bayramov ABŞ-dan vətəninə gələ bilməyib,ona görə də çəkişilərə onlayn formatda başçılıq edib.

Filmdə müharibə vaxtı əsir düşmüş Bəxtiyardan bəhs olunur. İllər sonra doğma kəndi işğaldan azad olunduqdan sonra Bəxtiyar ora getmək qərarına gəlir. O sanki əsirlikdə olan zaman yaşadığı hissləri yenidən yaşamalı olur.

Elmar Bayramov bir neçə il əvvəl Azərbaycandan ABŞ-a köçərək film çəkməyə davam edib. Rejissor həmçinin ABŞ-ın Urban Action Showcase festivalının laureatıdır. Festivalda onun qısametrajlı "Oops" filmi "Ən yaxşı döyüş səhnəsi" nominasiyasında ən yaxşı olub. Bayramovun Let me run ("Qoy qaçım") və Ladybug ("Uğur böcəyi") filmləri də bir çox beynəlxalq festivallarda mükafata layiq görülüb.