CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölümlə rəqs edənlər: Yol polisi bu sürücülərin qarşısında aciz qalıb

Vaqif Əsədov: Bakı şəhəri üzrə quraşdırılan videokameralardan görürük ki, moped idarə edənlər yol-nəqliyyat haqda qanunun tələbərinə əməl etmir, onu kobud şəkildə pozurlar. Bu gün təxminən 25 faizədək moped müvəqqəti saxlama dayanacaqlarındadır.
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 25 mart — Sputnik. Pandemiya ilə əlaqədar olaraq yollarda yaranan sıxlıq sürücüləri də təngə gətirib. Yollardakı vəziyyətin dözülməz olması, uzun müddət tıxaclarda qalma bəzi sürücüləri alternativ variantlar axtarmağa vadar edib.

Sərnişinlərin, eyni zamanda da sürücülərin bir qismi vəziyyətdən çıxış yolunu motosikl və moped sürməkdə görürlər. Yola çıxan bu şəxslərin bəzən yol qaydalarını kobud şəkildə pozması isə ətrafdan narazılıqla qarşılanır.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Sputnik Azərbaycan-a açıqlamasında motosikl və moped idarəçilərinin yollarda yaratdıqları problemlərdən danışıb:

"Bakı şəhəri üzrə quraşdırılan videokameralardan görürük ki, moped idarə edənlər yol-nəqliyyat haqda qanunun tələbərinə əməl etmir, onu kobud şəkildə pozurlar. Tədbirlər nəticəsində bu gün cərimə meydançalarında avtomobillərlə yanaşı bu nəqliyyat vasitələrini də görmək mümkündür. Bu gün təxminən 25 faizədək moped müvəqqəti saxlama dayanacaqlarındadır. Mütəmadi olaraq onların arasında təbliğat, maarifləndirmə işləri aparırıq. Yaxşı olardı ki, hüquqi və fiziki şəxslər də bu nəqliyyat vasitələrinini sürücüləri arasında təbliğat aparsın"

Motosiklet üzərində inanılmaz şou

Vaqif Əsədov hesab edir ki, onların yol-nəqliyyat qaydalarını pozmasına görə ətrafda qınağın olmasına da ehtiyac var.

"Biz sürücülərə müraciət edərək deyirik: Düşünməyin ki, ərazidə polis əməkdaşı yoxdur və siz istədiyiniz kimi hərəkət edə bilərsiniz. Unutmayın ki, Bakı şəhəri üzrə kameralar vasitəsilə hərəkətə nəzarət edərkən açıq-aşkar törədilən xətalar qeydə alınır və barənizdə tədbir görülür", - deyə V.Əsədov bildirir.

V.Əsədov bu sürücülər tərəfindən yol verilən xətalardan da söz açır: "Onlar piyadalar üçün nəzərdə tutulan səkilərdə hərəkət edir, bəzən svetaforu belə gözləmir və bununla da sürücülər, piyadalar üçün maneəyə səbəb olurlar. Bu kimi hallar tərəfimizdən açıq-aşkar qeydə alınır və tədbirlər görülür. İnzibati məsuliyyətə cəlbetmə halı yarandıqda isə artıq az qalır bu sürücülər ağlasın ki, günə 10 manata işləyirəm. Bu ifadələr onu heç də məsuliyyətdən uzaqlaşdırmır. Adətən bu sürücülərin nəqliyyat vasitələrinə görə dövlət nömrə nişanı və sürücülük vəsiqəsi olmur. Ona görə də hesab edirlər ki, açıq-aşkar qaydaları poza bilərlər".

"Bizim məqsədimiz onları cəzalandırmaq deyil, sadəcə olaraq onları yol-nəqliyyat qaydalarına əməl etməyə səsləməkdir", - deyə DYP rəsmisi əlavə edir.

Sürücüsü olmayan motosiklet qəza törətdi

V.Əsədov il ərzində motosikl və moped iştirakı ilə baş verən qəzaların statistikasını da açıqlayıb. Onun sözlərinə görə, 18 fevral tarixinədək 14 qəza baş verib ki, nəticədə iki sürücü dünyasını dəyişib, 7 nəfər yaralanıb.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfər Sputnik Azərbaycan-a açıqlamasıda bu sürücülər tərəfindən qaydaların kobud şəkildə pozulduğunu bildirir:

"Motosiklet sürücüsü də yol hərəkətinin iştirakçısı sayılır. Bakı şəhərində motosikletlərin sayının artması ilə əlaqədar olaraq Bakıda motosikllə olan qəzaların da sayı artıb. Əvvəl Bakıda motosikl sürənlərin sayı 5-10 idisə, indi çatdırılma xidmətlərinə daha çox ehtiyacın olması səbəbi ilə əlaqədar olaraq bu sürücülərin də sayı artıb".

Ekspert deyir ki, bu gün qayda pozuntusu daha çox moped sürücüləri tərəfindən olur. Bu nəqliyyat vasitələrinə görə sürücülük vəsiqəsi tələb edilmədiyindən onlayn çatdırılma xidmətləri daha çox onların əməyindən yararlanır. Sürücülük vəsiqəsi olmadığından, onlar yollarda məsuliyyətsiz davranır, qaydaları pozur, sürət həddini aşır və bəzən də qəzalara səbəb olurlar. Təəssüf ki, bu cür hadisələr zamanı ölüm halları da qeydə alınır.

"Düşünürəm ki, dövlət yol polisi bu məsələdə daha fəal olmalı və daha ciddi addımlar atmalıdır. Dövlət nömrə nişanı alamayan və sürücülük vəsiqəsi olmayan bu şəxslərə qarşı ciddi tədbirlər görülməlidir. Onlayn çatdırıma xidmətləri bu şəxslər haqda məlumatları dövlət yol polisinə ötürməlidir. Dövlət yol polisində isə bunun üçün xüsusi baza yaradılmalıdır ki, hansı nəqliyyat vasitəsini kim sürür. Çünki bu şəxslərin nəqliyyat vasitələrinin nömrəsi, özlərinin sürücülük vəsiqələri olmadığından, hər hansı qəza törətdikdə onları tapmaq, cəzalandırmaq çətin olur".

Ekspert hesab edir ki, bunun üçün dövlət yol polisi nömrə nişanı olmadan idarə olunan motosikl və mopedlərə cərimə yazmalı və nəqliyyat vasitəsi müsadirə olunmalıdır.