İQTİSADİYYAT

Sahibkarlara azad rəqabət mühiti yaradacaq sənəd yoldadır

Rəqabət Məcəllənin qəbulu və icrası sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və xüsusən kiçik və orta müəssisələrin inkişafı baxımından yeni imkanlar açacaq.
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 mart — Sputnik. Rəqabət qanunvericiliyinin daha da təkmilləşdirilməsi məqsədilə beynəlxalq təcrübə öyrənilərək Rəqabət Məcəlləsi layihəsinin təkmilləşdirilməsi üzrə işlər aparılır. Bu barədə Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli deyib:

"Layihə aidiyyəti qurumlara göndərilib və həmin qurumlardan rəy və təkliflər toplanılır. Bu proses başa çatdıqdan sonra Rəqabət Məcəlləsi ilə bağlı qanun layihəsini Milli Məclisə təqdim edəcəyik. Ümid edirik ki, bu ilin sonunadək məcəllə qəbul olunar".

Məsələni şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, Rəqabət Məcəlləsinin hazırlanması və qəbulu uzun müddətdir müzakirə edilən məsələlərdəndir:

"Hətta əvvəlki dövrlərdə parlamentdə Rəqabət Məcəlləsinin müzakirəsi həyata keçirilib. Rəqabət Məcəlləsi vacib bir sənəddir. Bu məcəllənin qəbulu bazara və bütövlükdə ölkə iqtisadiyyatında rəqabətin formalaşmasına və müdafiəsinə təsirləri xüsusi qiymətləndirilməlidir. O baxımdan Rəqabət Məcəlləsinin hazırlanması və qəbulu məqsədəuyğundur. Bazarda rəqabətin qorunması və bütövlükdə tam (xalis) rəqabətin müdafiə edilməsi Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə də uyğundur".

Deputat bildirib ki, Rəqabət Məcəlləsinin qəbulu nəticə etibarı ilə Azərbaycan üçün xüsusən də sahibkarlar üçün rəqabət baxımından yeni imkanlardır: "Bu, bazara çıxış, bazarda rəqabət imkanlarını artıracaq. Xalis rəqabət bir tərəfdən sahibkarların gəlirliliyinə təsir göstərəcək, eyni zamanda istehlak bazarındakı qiymətlərə təsir göstərən faktorlardan biridir. Bu baxımdan sözügedən Məcəllənin qəbulu və icrası sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və xüsusən kiçik və orta müəssisələrin inkişafı baxımından yeni imkanlar açacaq. Bu, nəticədə azad sahibkarlığın daha da inkişafına xüsusi töhfə verəcək".