CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda ağacların qurumasının ilginc səbəbi ortaya çıxdı

Kənd təsərrüfatı üzrə mütəxəssis Kamil Məmmədovun sözlərinə görə, ağaclar da insanlar kimi stressə düşə bilir. Onları stresdən çıxarmaq üçün ən yaxşı üsul suvarmaq, budamaqdır.
Sputnik

BAKI, 24 mart — Sputnik. Bakı və Abşeron yarımadası ərazisində aparılan müşahidələr göstərib ki, son zamanlar bəzi ərazilərdə yaşı 40-dan yuxarı olan iynəyarpaqlı ağaclar quruyur.

Bu barədə Sputnik Azərbaycan-a AMEA-nın Mərkəzi Nəbatət Bağının direktoru Vahid Fərzəliyev danışıb.

O qeyd edib ki, ağacların quruma səbəbinin müəyyənləşdirilməsi, fitosanitar vəziyyətin qiymətləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı Nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi, Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyi və Mərkəzi Nəbatat Bağının əməkdaşlarından ibarət İşçi Qrup yaradılıb.

Binəqədidə ağacları kəsən şirkət rəhbəri məhkəməyə verildi

V.Fərzəliyev qeyd edib ki, Bayıl yamacının şimal və cənub hissəsində, Mərdəkan qəsəbəsindəki Sergey Yesenin küçəsində, Buzovna qəsəbəsinin müxtəlif ərazilərində, Nərimanov rayonundakı Aşıq Molla Cümə küçəsində, Nizami rayonu ərazisindəki park və yaşıllıqlarda çoxlu sayda Eldar şamı və həmişəyaşıl sərv kimi iynəyarpaqlı ağacların quruduğu, bəzilərinin isə yarıqurumuş vəziyyətdə olduğu müəyyən edilib.

Mütəxəssislər tərəfindən rəy verilib ki, köküstə qurumuş və bioloji inkişafdan dayanmış ağaclar mövsümdə yeniləri ilə əvəzlənməsi şərtilə götürülsün. Yarıqurumuş ağacların isə budanması və analizin nəticələrindən asılı olaraq zərərvericilərə qarşı mübarizə məqsədilə dərmanlanması qərara alınıb.

Kənd təsərrüfatı üzrə mütəxəssis Kamil Məmmədovun sözlərinə görə, ağaclar da insanlar kimi stressə düşə bilir. Onları stresdən çıxarmaq üçün ən yaxşı üsul suvarmaq, budamaqdır:

"Ağacların təpə hissədən quruması stresslə əlaqəli ola bilər. Ancaq bu hər-hansı bir həşarat və ya xəstəlik səbəbindən də ola bilər. Budaqların quruması quraqlıq, kimyəvi maddələrə məruz qalma, ağacın kökündə olan hər hansı bir problem və bəzi xəstəliklərlə əlaqəli ola bilər. İynəyarpaqlı ağaclar iynələrini təpənin içindən kənara və aşağıdan yuxarıya doğru tökürsə, bu, stress səbəbindən baş verən qurumadır".

Mütəxəssis qeyd edib ki, qurumanın digər səbəbi su balansının pozulmasıdır. Bu isə güclü budama, xəstəlik zamanı yaranır. Yarpaqların saralması və yanması yarpaqda olan su təzyiqinin itməsi səbəbilə, ağacın bütünlüklə quruması isə abiotik və biotik səbəblərdən olur.

Saatlıda Türkiyədən gətirilən ağaclarla bağ salınır

"Abiotik səbəblər ağacların xəsarət alması, su çatışmazlığı, torpaq sıxışması ilə əlaqəlidir. Biotik faktorlara isə damar xəstəlikləri səbəb olur. Bu zaman ağac boyunca suyun hərəkətinin qarşısını alan patogenlər səbəb olur. Bu quruma ölümcül qurumadır. Ağac müayinə edilən zaman bu patogenlər müşahidə edilə bilər", - deyən mütəxəssisin fikrincə, yarpaqların ləkələnməsi bakteriyalar və göbələk xəstəliklərinin nəticəsi ola bilər. Göbələk yarpağa düşdükdən sonra böyüməyə başlayır.

Ləkələrin ölçüsü iynə başından bütün yarpağa qədər hər tərəfi örtər. Yarpaqda ölmüş hissələr qəhvəyi, qara və qırmızı rəngdə olan hissələrdir. Bu yarpaqlar bir müddət sonra tökülməyə başlayır.

Onun sözlərinə görə, ağacların quruması, stressə düşməsinin əsas səbəbi antropogen amillərdir. Yəni bu səbəblər hamısı insan fəaliyyətindən qaynaqlanır: "Növlərin səhv seçilməsi, səhv əkilməsi, uyğun olmayan torpaqda əkilməsi və başqa iqlimdə yaşayan ağacların iqliminin dəyişdirilməsi ağac qurumalarının əsas səbəbləridir. Torpağın zəif olması, həddən artıq isti hava, ağacın yarpaqlarına, qabığına verilən zərər, ağacın kökünə fiziki zərərin yetirilməsi ağacları xəstəliyə düçar edir".