QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Dünyasını dəyişənlərin məzarları Qarabağa köçürüləcək?

Fazil Mustafa: "Dünyasını dəyişənlərin əksəriyyətinin ən böyük arzusu orada dəfn olunmaqdan çox torpaqların geri qayıtması idi".
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 24 mart — Sputnik. 30 ildən sonra torpaqlarımızın işğaldan azad olunması illərdir Bakıda, regionlarda məskunlaşan məcburi köçkünlərin burada dəfn etdikləri doğmalarının məzarlıqlarını həmin torpaqlara apara bilib-bilməyəcəyi sualını ortaya çıxarır. 

Ümumiyyətlə, məzarlığın daşınması nə dərəcədə düzgündür və buna ehtiyac varmı?

Sputnik Azərbaycan bu məsələyə millət vəkillərinin münasibətini öyrənib.

Millət vəkili Nizami Cəfərov buna heç bir ehtiyac olmadığını deyib:

"İnsan harada dəfn olunubsa, orada da qalmalıdır. Şəxsən mənim ağlıma sığmır ki, Bakıda, yaxud da regionlarda, Rusiyada, başqa xarici ölkələrdə dəfn olunan bu şəxslərin məzarlıqları kütləvi şəkildə Qarabağa aparılsın. Bu ağlasığan bir iş deyil. Bəlkə də, tək-tək belə hallar ola bilər. Lakin bu, kütləvi olaraq baş verə bilməz".

"Bu səbəbdən düşünürəm ki, məzarlıqların daşınması ümumiyyətlə müzakirə predmeti olmamalıdır, buna zərurət yoxdur. Çünki islamın adət-ənənələrinə görə, xüsusi zərurət yoxdursa, dəfn olunanı məzarlıqdan çıxarmaq olmaz. İnsan harada dəfn olunursa, deməli, bu onun taleyidir.", - deyə millət vəkili əlavə edib.

Digər millət vəkili Fazil Mustafa da həmkarı ilə eyni fikirdədir: "Mən ümumiyyətlə, məzar yerinin dəyişdirilməməsinin tərəfdarıyam. Məhəmməd Əmin Rəsulzadə harada dəfn olunub, Ankarada. Axı Bakı da, rayonlar da doğma vətən toprağıdır. Vətən torpağının hər yeri eynidir".

"Amma ola bilər ki, kimlərinsə, sırf orada dəfn olunmaq arzuları olub. Bunu düşünmək olar və dövlət də həmin adamın məzarının köçürülməsinə köməklik göstərə bilər. Lakin kütləviləşdirməyə heç bir ehtiyac yoxdur və bu, heç də yaxşı hal deyil. Dünyasını dəyişənlərin əksəriyyətinin ən böyük arzusu orada dəfn olunmaqdan çox torpaqların geri qayıtması idi. Torpağın azad olunması ilə elə onun ən böyük arzusu yerinə yetib", - deyə millət vəkili əlavə edib.

Millət vəkili düşünür ki, bu mövzunun xüsusi müzakirəyə ehtiyacı yoxdur: "Atam Naxçıvanda anadan olub və arzulayırdı ki, elə oradaca dəfn olunsun. Biz isə onu Bakıda dəfn elədik. İndi mən də atamın məzarını Naxçıvana köçürməliyəm?! Vətən torpağı mənim üçün eyni deyilmi?! Bilirsiniz, bu, insan duyğuları ilə bağlı məsələ olsa da, azacıq da olsa, bir məntiqə də əsaslanmalıdır".