SƏHİYYƏ

Avropa Koalisiyasının təmsilçisi Azərbaycanda vərəmin yaranma səbəbini açıqladı

Pərvanə Vəliyeva: "Qızdırması düşən xəstə sağaldığını güman etdiyi üçün müalicə kursunu yarımçıq kəsir və nəticədə antibiotikə davamlılıq yaranır".
Sputnik

Nigar İsgəndərova, Sputnik

BAKI, 24 mart — Sputnik. "Dərmana davamlı vərəm əsasən antibiotiklərdən düzgün istifadə etməmək nəticəsində yaranır. Yəni xəstələrin müalicə kursunu düzgün başa vurmaması buna səbəb olur".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Sağlamlığa Xidmət İctimai birliyinin icraçı direktoru, Vərəmlə Mübarizə üzrə Avropa Koalisiyasının idarə heyətinin üzvi Pərvanə Vəliyeva 24 mart Vərəmlə Beynəlxalq Mübarizə Günü ilə bağlı danışarkən bildirib. 

O, xəstələrin müalicə kursunu tamamlamamasının fəsadlarından danışarkən deyib:

"Dərmana davamlı vərəm müalicəsi 20 ay və yaxud 6 ay davam edir. Lakin bu müalicənin bəzən əks təsirləri olduğu, ürəkbulanma və sairlə müşahidə olunduğu, yaxud da əksinə, bir müddətdən sonra xəstə özünü yaxşı hiss etdiyi üçün o, fikirləşir ki, artıq müalicəni dayandırmalıdır. Yəni qızdırma düşübsə, xəstə sağaldığını güman edir və kursu yarımçıq kəsir. Müalicə kursu tamamlanmadığı üçün antibiotikə davamlılıq yaranır".

Xatırladaq ki, bu gün Beynəlxalq Vərəmlə Mübarizə Günüdür.