İbrahim Həşimov, Sputnik Azərbaycan
BAKI, 23 mart – Sputnik. Güclü külək səhər saatlarında Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində, Nazim İsmayılov prospektində irigövdəli ağacı “Opel” və “Chevrolet” markalı avtomobillərin üzərinə aşırıb. Sputnik Azərbaycan-ın məlumatına görə, yolun kənarında dayanmış “Opel” markalı minik avtomobilinin içərisində onun sahibi Rüstəm Qasımov olub.
“Oturmuşdum maşında, ağac aşdı üstünə. Maşın yoxdur artıq. 4-5 min ziyan dəyib. Özüm maşının içindəydim, xəsarət almadım. Oturacağı arxaya çəkib, özümü dala ataraq çıxdım”, – R. Qasımov deyib.
“Chevrolet” markalı minik avtomobilinin içərisində isə maşın sahibinin atası Sahil Tağıyev olub.
“Həmin vaxt mən avtomobilin içində olmuşam, amma maşın oğlumundur. Xəsarət almadım, maşının damı əzilib. Təxminən 200-300 manat civarında ziyan dəyib. Maşını təmirə apardılar”, - deyə S.Tağıyev qeyd edib.
Hadisə səbəbindən yolda hərəkət qısa müddətlik dayanıb. Daha sonra aşan ağac kəsilərək ərazidən götürülüb və yolda nəqliyyatın hərəkəti bərpa edilib.
Milli Hidrometeorologiya Xidmətindən isə bildirilib ki, yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənir. Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın sözlərinə görə, martın 24-dən 25-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur.
“Arabir güclənən cənub-qərb küləyi 25-i gündüz mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə saatlarında 5-8, günorta saatlarında isə 15-18, 24-də bəzi yerlərdə 20 dərəcəyədək isti olacağı gözlənir. Bölgələrdə də yaxın 2 gün ərzində bəzi yerlərdə yağış yağacaq, ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Havanın temperaturu 13-18, dağlıq ərazilərdə isə 5-10 dərəcə isti olacaq”.