Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 22 mart — Sputnik. Rafiq Əziz - Azərbaycanın Əməkdar incəsənət xadimi... 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adını alıb. Müxtəlif ölkələrdə təşkil edilən 19 fərdi sərginin müəllifidir. 160-dan çox qrup sərgisində (müxtəlif ölkələrdə) iştirak edib. Türkiyənin dövlət muzeylərində onun 170-dən çox tarixi mövzuda yağlı boya ilə rəsm əsəri saxlanılır. Türkiyə Cümhuriyyəti Zərbxanası tərəfindən bu günə kimi basılmış 8 Gümüş Xatirə yubiley pulunun eskiz və dizaynının müəllifidir. Mustafa Kamal Atatürkün ən yaxşı rəsmlərinin müəlliflərindən biri kimi tanınır. Hazırda Türkiyədə yaşayan həmyerlimizlə həmsöhbət olduq.
Görkəmli rəssam özü ilə bağlı maraqlı faktları Sputnik Azərbaycan-a danışıb: "1992-ci ilə qədər mən Bakıda Təhsil Nazirliyində işləyirdim. Özümün də Azərbaycan Rəssamlar İttifaqının nəzdində H.Z.Tağıyev adına Xalq İncəsənət Universitetim var idi. Azərbaycanın bütün rayonlarından istedadlı uşaqları toplayıb, onlara məktub vasitəsi ilə dərs deyirdim. İndi pandemiya ilə əlaqədar hamı distant dərs alır. Amma mən bunu hələ 90-cı illərdə həyata keçirmişdim".
2005-ci ildən UNESCO yanında Dünya Rəssamlar İttifaqının üzvü seçilən rəssam bildirir ki, rəsm müəllimi olmayan uşaqlara bir vətəndaş kimi yardım edib: "Çünki özümün də rəsm müəllimim olmayıb deyə həvəsim var idi. 1992-ci ildə Xocalı soyqırımı ilə bağlı yüzlərlə uşaq ortalıqda qaldı. Həmin ildə Qarabağdan didərgin düşmüş və Azərbaycanın digər bölgələrindən olan uşaqların "Qarabağ müharibəsi uşaqların gözü ilə" adlı rəsm sərgisini təşkil etdim. Həmin il rəsmləri İstanbula gətirdim, Taksim sənət qalereyasında uşaq rəsm sərgisini təşkil etdim".
Həmin vaxtlarda bu sərgi insanların diqqətini çox çəkibmiş. Rafiq Əzizə "get, Bakıdan 30 nəfər psixoloji yardıma ehtiyacı olan uşaq gətir" deyiblər: "Həmin ilin avqust ayında 31 nəfər uşağı İstanbula gətirdim. O uşaqlara İstanbulda çox gözəl tibbi və psixoloji yardım edildi. Keçmişdə İstanbulun bələdiyyə sədri və Türkiyə Böyük Millət Məclisinin deputatı Bədrəddin Dalan bu məsələdən xəbərdar oldu. Bədrəddin Dalan həm də "İstək" vəqfinin başçısı idi. Bədrəddin bəy mənə dedi ki, "eşitdim, sən Bakıdan 31 uşaq gətirmisən. Bakıdan mənim üçün müharibədən əziyyət çəkən 8-10 yaşlı 10 uşaq gətir. Onların bütün təhsil xərclərini mən ödəmək istəyirəm". Mən Bakıdan 10 nəfər Xocalı və digər rayonlardan didərgin düşmüş valideyin himayəsindən məhrum uşağı İstanbula gətirdim. Onları "İstək" vəqfinə təslim etdim.
Uşaqları vəqfə təslim etdikdən sonra Bakıya qayıtmaq istədim. Amma Bədrəddin bəy icazə vermədi. Dedi, şənbə və bazar günləri bu uşaqlara sən nəzarət edəcəksən. Bakıya gediş-gəliş xərcləri də sənə aiddir. Mən o uşaqlara görə Bakıda bütün işlərimi qurban edib, gəldim İstanbula. Oldum onların hamisi".
Rafiq bəyin İstanbuldakı rəsm emalatxanası qısa zamanda bütün Türkiyədə tanınır. Sayılıb-seçilən rəsm həvəskarı olan yüksək rütbəli hərbçilər də ondan rəssamlıq dərsləri almağa başlayırlar: "Mənim rəsm emalatxanamda rəssamlıq dərsləri almaq üçün hərbçilər gəlirdilər. Ordu generalı gəlib məndən rəsm dərsi alırdı. 1995-ci ildən Türkiyə Silahlı Qüvvələri üçün rəsmlər çəkməyə başladım. Çəkdiyim əsərlər onların diqqətini cəlb etdi. Mənə Dəniz muzeyində emalatxana verdilər. Türk Silahlı Qüvvələrinin 1071-ci ildən günümüzə qədər olan bütün tarixi hadisələrini əks etdirən əsərlər yaratdım. Mənim bu günə qədər Türkiyə dövlət muzeylərində 200-ə yaxın tablom olub".
Müsahibimiz bildirir ki, bu tabloların əsasında zərbxanada 9 ədəd 20 və 50 TL gümüş xatirə pul buraxılıb: "Əslində birincisinin də basılması UNESCO tərəfindən təklif olunub. Türkiyənin əfsanəvi admiralı var, Piri rəis. Hansı ki, 500 il əvvəl Dünya Dəniz xəritəsini çəkib. Dünya dəniz xəritəsini o zaman çəkəndə hələ Amerika kəşf olunmamışdı. Amma o, dünya dəniz xəritəsini çəkərkən Amerikanı da perspektivdə qeyd edib. 1513-cü ildə "Kitabi-Bahriyyə" əsərini yazıb. Üstündən 500 il keçəndən sonra UNESCO 2013-cü ili dünyada "Piri rəis" ili elan etmək üçün araşdırma apardı. Həmin araşdırma zamanı Dəniz Muzeyində mənim xeyli rəsmim onların diqqətini cəlb edib. UNESCO Türkiyəyə məktub göndərdi ki, biz xatirə pulu buraxdırmaq istəyirik. Rəsm də Rafiq Əzizin "Piri Rəis" tablosu olsun. 2013-cü ildə Piri Rəisin 500 illiyi münasibəti ilə ilk pul buraxıldı".
Bu uğurlar Rafiq Əziz üçün əslində bir başğlanğıc olub: "Ondan sonra əfsanəvi Qazi Həsən Paşanın 300 illiiyi münasibəti ilə pul buraxıldı. Sonra qərara gəldilər ki, Dəniz Muzeyindəki əsərlərimin bir neçəsindən kəşflər və dənizçilər seriyasında gümüş xatirə pul buraxılsın. Beləliklə, 2013-cü ildən 2018-ci ilə qədər mənim 6 ədəd basılmış pulum var idi. Azərbaycanın 100-cü ilində təklif etdim ki, bu münasibətlə mənəvi pul buraxılsın. Onlar mənim hazırladığım eskizlə Türkiyənin hökumət adamlarına məlumat verdilər. Onlar da təsdiqlədilər. 2018-ci ildə "Azərbaycanın 100-cü ili" mənəvi pulu buraxıldı. Çoxları buna görə narahat olmağa başladılar ki, Türkiyə hökuməti bir rəssamın sözü ilə bu cür addım atdı. Yəni "bu pullar satılarmı?" deyə düşünürdülər. 2 həftənin içində bütün pullar satıldı".
Və nəhayət, 44 günlük müharibə, Azərbaycanın zəfər qazanması və şəhidlərimizin şərəfinə basılmış "Qarabağ Azərbaycandır" pulu. Rəssam həmin sikkələrin necə ərsəyə gəldiyindən danışdı: "Mən də hamımız kimi bilirdim ki, biz sonunda qalib gələcəyik. Noyabrın 10-da müzəffər Ali Baş Komandanımız İlham Əliyev Ermənistanın müharibədə məğlub olduğunu və qələbəmizi elan etdikdən sonra mən zərbxanaya müraciət etdim ki, gəlin "Qarabağ Azərbaycandır" xatirə pulu buraxaq. Pulun ön tərəfi üzərində “Qarababağ Azərbaycandır“ yazısı, Azərbaycanın gerbi, xəritəsi, Şuşa qalası, Yuxarı Gövhər ağa məscidi və arxa tərəfində Azərbaycan Respublikası, 50 manat, şəhidlərimizin rəmzi olan xarı-bülbül rəsmləri yer aldı. Onlar da düşünmədən razı oldular. Çox qısa müddətdə gecə-gündüz çalışaraq "Qarabağ Azərbaycandır" xatirə pulu buraxıldı. Həmişə zərbxanada 20 TL, 50 TL buraxılırdı. Şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək üçün "Qarabağ Azərbaycandır" 50 manat gümüş xatirə pulu buraxıldı. Türkiyə tərəfi isə 50 manatın əvəzinə "Karabağ Azerbaycandır" 20 TL gümüş xatirə pulu buraxdırdı. Və "Qarabağ Azərbaycandır" gümüş xatirə sikkəsi haqqında bütün dünyaya qürurla məlumat verildi".