MƏDƏNİYYƏT

Azərbaycanlı dizaynerin yeni kolleksiyası ulduzları valeh etdi - FOTO

Modelyer Rüfət İsmayıl yeni kolleksiyasını yaradarkən parlaq çalarlara üstünlük verib ki, hər bir qadın istənilən ziyafətdə özünü kraliça kimi hiss eləsin.
Sputnik

BAKI, 22 mart - Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın dünyaca məşhur dizayneri Rüfət İsmayıl 2021 payız-qış mövsümünün yeni, rəngarəng kolleksiyasını təqdim edib. Sputnik Azərbaycan-ın məlumatına görə, VARIETY ("Müxtəliflik") adlanan kolleksiya nəinki azərbaycanlı, eləcə də əcnəbi ulduzların diqqətini çəkib.

Yeni ziyafət paltarlarının yaradılmasında İsmayıl parlaq - göy, sarı, çəməni yaşıl, yasəmən çəhrayısı, qırmızı rənglərdən istifadə edib. Dizayner hesab edir ki, bu geyimlərdə istənilən qadın hər bir ziyafətdə diqqət çəkərək gecənin kraliçasına çevrilə bilər. 

İsmayılın yeni kolleksiyasından ilk sifarişi Xalq artisti Aygün Kazımova edib. Kazımova İsmayılla uzun illərdir ki, əməkdaşlıq edir. Xarici ulduzlar da dizaynerə müraciət ediblər. 

Rüfət İsmayıl Affair brendinin yaradıcısıdır. Onun defileləri Milanda, Florensiyada, Tehranda və digər şəhərlərdə baş tutub. O, "Türkiyənin ən yaxşı dizayneri" tituluna layiq görülüb. 

R.İsmayılın kolleksiyası dünya modasının ən vacib sərgilərindən olan Pitti Uomo-da (kişi geyimləri, ayaqqabısı, aksessuarları, ümumiyyətlə stili sərgisi - red.) nümayiş olunub. Fashion TV isə onu 2018-ci ilin ən yaxşı avropalı dizayneri adlandırıb. İsmayılın tikdiyi geyimləri Hollivud ulduzları da bəyənərək geyinirlər.