MƏDƏNİYYƏT

Nigar Camal: "Bir daha "Avroviziya" səhnəsinə çıxmaq istəməzdim"

Məşhur Azərbaycan müğənnisi etiraf edir ki, beynəlxalq mahnı müsabiqəsində iştirak onun həyatını həm yaxşı, həm də pis tərəfə dəyişib. Amma əsas odur, müsabiqənin qalibi olub.
Sputnik

BAKI, 20 mart — Sputnik, Kəmalə Əliyeva. Nigar Camalla Eldar Qasımovun "Avroviziya" beynəlxalq mahnı müsabiqəsindəki qələbəsindən düz on il keçir. "Running Scared" mahnısı onlara dünya şöhrəti qazandırdı və milyonlarla tamaşaçının qəlbini fəth etdi. Bəs bu illər ərzində Nigar Camalın həyatı necə dəyişib? Qarşısına qoyduğu məqsədlərə nail olub bilibmi? Müğənni Sputnik Azərbaycan-a müsahibəsində bu və digər sualları cavablandırıb.

– Nigar, bu il sizin "Avroviziya"dakı qələbənizdən düz on il keçir. Layihədən sonra həyatınız necə dəyişdi?

– Həyatım tamamilə dəyişdi, həm yaxşı, həm də pis tərəfə. Görünən odur ki, adi londonlu azərbaycanlıdan bir nömrəli ulduza çevrildim. Biz bütün Avropanı Azərbaycana gətirməyə nail olduq. Bir anda xoşbəxtlik də, stress də üst-üstə gəldi. Bir tərəfdən, tamaşaçıların böyük sevgisi, şöhrət, yüksək qonorar, digər tərəfdən, təzyiq, mətbuat tərəfindən davamlı hücumlar, gözü götürməyənlər və ailədə baş verən bədbəxtlik... İkili hisslər yaşayırdım. Yalnız bir şey sevindirir: mən bunu bacardım! Artıq Azərbaycan tarixinin bir parçasıyam. Onda mən şou-biznes dünyasından bixəbər, adi ev xanımı idim. Yeni problemlərlə necə mübarizə aparacağımı bilmirdim. Ümumiyyətlə, nə edəcəyimi bilmirdim.

– Müsabiqədən sonra qarşınıza hansı məqsədləri qoymuşdunuz və onları həyata keçirə bildinizmi?

– 2011-ci ildə iş həddən artıq çox idi, demək olar ki, hər gün harasa uçmalı olurduq, heç nəyə vaxt çatmırdı. Düzdür, mənim bütün işlərimlə məşğul olan prodüser mərkəzi var idi. Həmin vaxt onlarla müqavilə bağlamışdım. Qarşıya qoyduğum məqsədlərdən çoxuna nail ola bildim, amma az bir hissəsi hələ qalır. İndi onları həyata keçirməklə məşğulam.

– "Avroviziya"dan sonra Rusiya şou-biznesinə daxil olmağı planlaşdırırdınız, hətta Dima Bilanla duet də oxudunuz, amma deyəsən, sonra işlər yolunda getmədi... Sizə mane olan nə idi?

– Dima Bilanla layihəmiz var idi və kifayət qədər uğurlu alındı. Hətta bizi ilin ən yaxşı duetinə namizəd göstərdilər. Bilmirəm, bu fikir necə formalaşıb, düzü, Rusiyada karyera qurmaq istəməmişəm. Bəli, mən rus dilini danışdığım qalan dillərdən daha yaxşı bilirəm, ancaq bütün qəlbimlə azərbaycanlıyam. Ona görə də Türkiyə məni daha çox özünə çəkirdi.

– Nigar, Azərbaycanı "Avroviziya"da təmsil edənlərin əksəriyyəti müsabiqədən sonra şəxsi həyata daha çox diqqət ayırdılar, ailə qurdular, siz isə əksinə, bu layihədə iştirak edəndən sonra həyat yoldaşınızdan boşandınız. Bu məsələdə "Avroviziya" dövründə həddən artıq məşğul olmağınız rol oynadımı?

– Bu çox şəxsi məsələdir...

– Yenidən "Avroviziya" səhnəsinə çıxmaq istərdinizmi?

– Düzdür, müsabiqəni izləyirəm, amma etiraf edim ki, əvvəlki sıxlıqla yox. Bir daha "Avroviziya" səhnəsinə çıxmaq istəməzdim. Hətta yenidən birinci yerə çıxsam, belə. Artıq həyatımın bu səhifəsi geridə qalıb, keçdiyim yolu geri qayıtmaq isə mənlik deyil.

– Duet ortaqlarının çoxu bir-biri ilə yola getmirlər. Amma sizin Eldarla dostluğunuz 10 ildir ki, davam edir. Bu dostluq münasibətini qoruyub saxlamağa necə nail olmuşunuz?

– Məncə, əsas səbəb odur ki, Eldarla heç vaxt aramızdakı fikir ayrılığını ictimaiyyət qarşısına çıxarmamışıq. Xoşumuza gəlməyən məqamlar olanda bunlar telefonda danışıb aydınlaşdırırıq. Biz ölkəmizə bu qələbəni birlikdə gətirmişik. Üstəlik, Eldarla qonşuyuq. Qonşular bir-biri ilə nə qədər yaxşı yola getsələr, bir o qədər yaxşıdır.

– Bəs niyə Eldarla yeni duet oxumursunuz?

– Biz hər il duet oxumağı planlaşdırırıq. Ancaq məsələ burasındadır ki, Eldarla musiqi zövqümüz fərqlidir.

– Azərbaycanı bu il "Avroviziya" müsabiqəsində təmsil edəcək Samirə Əfəndiyevaya nə məsləhət görərdiniz?

– Daha çox müsbət əhval-ruhiyyəyə köklənmək və özünə inam. Ancaq bunu qətiyyən təkəbbür hissi ilə qarışdırmaq olmaz. Məsləhətlərə qulaq asıb, bütövlükdə Avroviziya komandasının qarşısına qoyulmuş tapşırıqları yerinə yetirmək lazımdır. Biz məhz bu cür etmişdik. Onda hər şey alınacaq!