COVID-19-a qarşı ən effektiv vasitə aşkarlandı

Tədqiqatçılar həmçinin ehtimal edirlər ki, COVID-19-un yaşlılarda daha ağır keçməsi onların orqanizmində melatoninin az olması ilə də bağlı ola bilər.
Sputnik

BAKI, 20 mart — Sputnik. Kanada və Argentina tədqiqatçıları belə bir qənaətə gəliblər ki, melatonin hormonu bəzi hallarda SARS-CoV-2 koronavirusu ilə yoluxmanın, COVID-19-un ağır formasının inkişafının qarşısını alır və hətta bu xəstəliyə qarşı vurulan peyvəndi gücləndirən preparata da çevrilə bilər. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, Kanadanın Toronto və Argentinanın Papa katolik Universitetinin alimləri melatoninin COVID-19 xəstəliyini yüngülləşdirməsi və hətta koronovirus infeksiyasının inhibisiyasına (ləngitməsini) dair sübutlar toplayıblar.

Məlum olduğu kimi, melatonin hormonu iltihab əleyhinə, immuniteti tənzimləyici və antioksidant xüsusiyyətlərə malikdir. Bundan əlavə adı çəkilən hormon xroniki yuxusuzluq, diabet, metabolik sindrom və ürək-damar xəstəliklərinin qarşısını alır.

SARS-CoV-2 virusu orqanizmdə ACE2 fermentini çevirən anqiotezin reseptoru vasitəsilə yayılır. Virusun üzərindəki qlikoprotein ACE2 ilə birləşərək hüceyrəyə daxil olur və orada çoxalmağa başlayır.

Alimlər bildirirlər ki, melatonin kalmudolinin, yəni ACE2-nin səthi ekspressiyasını tənzimləyən zülalın əmələ gəlməsinin qarşısını alır. Bundan əlavə melatonin iltihabi sitokinlərin sayını da azaldır ki, bu da

COVID-19 ağırlaşması ilə bağlıdır.

Və nəhayət, melatonin orqanizmin neyron müdafiəsini təmin edir. Məlumdur ki, bəzi COVID-19 xəstələri beyində virusun aktivliyi ilə bağlı olan simptomlar – iybilmənin itməsi, iflic, insult, qıcolma və ensefalopatiya kimi simptomlardan əziyyət çəkirlər. Neyron müdafiəçisi kimi melatonin COVID-19-un bir çox nevroloji təsirlərini azaldır.

Odur ki, tədqiqatçılar melatoninin universal bir preparat, hətta COVID-19-ə qarşı "gümüş güllə" ola biləcəyini deyirlər.

Onlar bu hormonu yardımçı və ya müstəqil virusa qarşı antivirus preparat, həmçinin SARS-CoV-2-ə qarşı peyvəndin səmərəsini artıran maddə kimi nəzərdən keçirməyi təklif edirlər.

"Təhlükəsiz melatoninin adekvat dozalarda istifadəsi koronovirus xəstələrində ağırlaşdırıcı simptomların qarşısını ala, koronovirus infeksiyasının immunopatologiyasını azalda bilər", - deyə alimlər bildirir.

Tədqiqatçılar həmçinin ehtimal edirlər ki, COVID-19-un yaşlılarda daha ağır keçməsi onların orqanizmində melatoninin az olması ilə də bağlı ola bilər.