BAKI, 19 mart — Sputnik. Kişi orqanizmində testosteron hormonunun səviyyəsi onun nə dərəcədə səxavətli olmasına təsir edir. Sputnik Azərbaycan Rusiya mənbələrinə istinadən xəbər verir ki, belə bir qənaətə Çinin Jençjen Universitetinin alimləri gəliblər.
Mütəxəssislər 18-25 yaş arasında olan 70 könüllü üzərində təcrübə aparıblar. İki qrupa bölünmüş iştirakçıların yarısının dərisinə tərkibində çoxlu miqdarda testosteron olan gel, qalan yarısının dərisinə isə plasebo, yəni təsirsiz vasitə sürtülüb.
Bir müddət sonra təcrübə iştirakçılarına müəyyən məbləğdə pul verərək həmin vəsaiti yaxınları, tanışları və özləri arasında bölməyi təklif ediblər.
Aydın olub ki, yaxınlarına münasibətdə kişilərin səxavəti, demək olar ki, eyni səviyyədə olub.
Az tanıdıqları insanlara münasibətdə isə təcrübə iştirakçıları fərqli yanaşma nümayiş etdiriblər. Belə ki, dərisinə testosteron sürtülmüş kişilər daha eqoistcəsinə davranaraq onlara verilmiş pulun, demək olar ki, hamısını özlərinə saxlamağa qərar veriblər.
Alimlər bildirirlər ki, təcrübə zamanı iştirakçıların beyin aktivliyinə MRT vasitəsilə nəzarət olunub. Nəticədə bəlli olub ki, testosteron beynin temporo-parietal qovşağında fəaliyyətə təsir edir. Beynin bu nahiyəsi isə empatiya və şəfqət hisslərini idarə edir.