BAKI, 19 mart — Sputnik. Bakının girişlərində hələ ki heç bir post qurulmayıb. Bu barədə Sputnik Azərbaycana Baş Dövlət Yol Polisi İdarəsi Mətbuat Xidmətinin rəhbəri Namidan Piriyev məlumat verib.
Qeyd edək ki, sosial şəbəkələrdə Novruz bayramı ərəfəsində Bakı, Sumqayıt şəhərləri və Abşeron şəhərlərinin girişlərində postların qurulması ilə bağlı xəbərlər yayılıb. Artıq bir neçə gündür ki demək olar ki bütün ölkə əhalisi karantin rejiminin gücləndirilməsi ilə bağlı hökumətin qərarını, konkret olaraq paytaxt sakinlərinə rayonlara gediş-gəlişinin qadağan olunması ilə bağlı qərarın olub-olmayacağını gözləyir.
Lakin Piriyevin sözlərinə görə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın qərarı olmasa polisin postlar quraşdırmaq səlahiyyəti yoxdur.
"Əgər müvafiq qərarlar olarsa, Operativ qərargah onu açıqlayacaq və yalnız bundan sonra əməkdaşlarımız postlarda xidmət aparmağa başlayacaqlar. Ola bilər ki, bu barədə heç bir qərar qəbul olunmasın, odur ki, əvvəlcədən postlar quraşdırmağın mənası yoxdur", - deyə Piriyev bildirib.