İQTİSADİYYAT

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Bu qərar inflyasiyanın dəyişimi üzrə son meyillər, xərc və tələb amillərinin qısa və ortamüddətli dövrdə qiymətlərə mümkün təsirləri nəzərə alınmaqla qəbul edilib.
Sputnik

BAKI, 19 mart — Sputnik. Mərkəzi Bankın İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul edib. Uçot dərəcəsi 6.25%, dəhlizin aşağı həddi 5.75%, yuxarı həddi isə 6.75% səviyyəsində saxlanılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu qərar inflyasiyanın dəyişimi üzrə son meyillər, xərc və tələb amillərinin qısa və ortamüddətli dövrdə qiymətlərə mümkün təsirləri nəzərə alınmaqla qəbul edilib. Aparılmış təhlillər inflyasiya üzrə risk balansında amillər arasında əhəmiyyətli bir dəyişikliyin baş vermədiyini göstərir. Stabilləşdirici amillər olan neftin qiymətinin yüksəlməsi, xarici balansın yaxşılaşması, əsas siyasət lövbəri olan məzənnə sabitliyi, iqtisadi fəallığın zəif bərpası artırıcı amillər olan dünya ərzaq qiymətlərinin yüksəlməsi, kontr-tsiklik fiskal siyasət və gözlənilən monetar genişlənməni tarazlaşdırır. Qeyri-monetar inflyasiya səviyyəsi bir qədər yüksəlsə də baza inflyasiya stabil olaraq qalır. Qiymətləndirmələr ilin sonuna inflyasiyanın Mərkəzi Bankın hədəf dəhlizi daxilində qalacağını göstərir.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf parametrləri ilə müqayisəsi, ortamüddətli proqnoz horizontunda risk balansının dəyişimi nəzərə alınmaqla qəbul ediləcək.

Bu qərar 19 mart 2021-ci ildən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2021-ci il aprel ayının 30-da ictimaiyyətə açıqlanacaq.