BAKI, 19 mart — Sputnik. ABŞ prezidenti Co Baydenin Vladimir Putinə qarşı ittihamları bütün dünya əhalisinin üzünə deyilən bir yalan, absurd kimi səslənir. Axı məhz Birləşmiş Ştatlar planetin yarısını qana buna bulayıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, belə bir bəyanatla Rusiya Liberal-demokrat Partiyasının sədri Vladimir Jirinovski çıxış edib.
Xatırladaq ki, bir qədər əvvəl Bayden rusiyalı həmkarını "qatil" hesab edib-etmədiyi ilə bağlı KİV nümayəndələrinin sualına cavab verərkən bunun həqiqət olduğunu deyib. O həmçinin bildirib ki, Putin ABŞ-da keçirilən seçkilərə guya müdaxiləsinə görə "cavab verəcək".
"Baydenin ittihamları bütün dünya əhalisinin üzünə deyilən bir yalan kimi səslənir. Axı məhz Birləşmiş Ştatlar planetin yarısını qana buna boyayıb. Hələ də Suriya, Əfqanıstan, Liviya tüstülənir, Şimali Koreya, Kuba və Venesuela aclıq çəkir. Avropa isə Amerikanın Yaxın Şərqdə törətdiyi müharibələrin nəticəsindən əziyyət çəkir, hər il yüz minlərlə ac miqrantları qəbul edir. Miqrantlar isə öz talelərinin əvəzini sonra avropalılardan, elə onların şəhərlərinin qaranlıq küçələrində çıxırlar", - deyə siyasətçi öz Telegram kanalında yazıb.
Jirinovski qeyd edir ki, ABŞ-da məhkumların sayı bütün ölkələrdə olduğundan çoxdur: orada hər il onlarla insan edam olunur, daha minlərlə insan isə bilavasitə əllərinə ilk fürsət düşən kimi atəş açan polisin əməllərindən elə küçədə həlak olur.
"Son nəticədə, göründüyü kimi, hərəkətlərinə nəzarət edə bilməyən Baydenin sözləri beynəlxalq təhlükəsizliyə dair müqavilələrlə bağlı danışıqlarda ABŞ-a baha başa gələ bilər. Odur ki, biz də gərək hər şeyi öz adı ilə çağıraq. ABŞ bizim düşmənimizdir və onun başında hətta öz dilinə sahib çıxa bilməyən və Parkinson xəstəliyindən əziyyət çəkən biri dayanıb. Bəlkə, elə o əsim-əsim əsən əli ilə düyməni də sıxdı? Biz buna yol verə bilmərik", - deyə Jirinovski bildirib.
Siyasətçi həmçinin qeyd edib ki, Amerika hakimiyyətinin yüksək eşelonlarında duran "saxta məmurların heç bir cəhdi", heç bir təhdid Rusiyanın Şimali Amerikadakı düşmənlərinin istədiyi nəticələrə gətirməyəcək.
"Bizim xalqımız getdikcə artan təhdidlər qarşısında lazımi birlik nümayiş etdirəcək və biz soyuqqanlı şəkildə ABŞ rəhbərliyinə göstərə biləcəyik ki, onlar məğlubiyyətə məhkumdur. Bayden isə qorxsun ki, son nəticədə Amerikanın qəbirqazanına çevrilməsin", - deyə siyasətçi fikrini tamamlayıb.