BAKI, 19 mart — Sputnik, İrina Alksnis. Rusiyada ABŞ prezidentinin Vladimir Putinin ünvanına səsləndirdiyi qeyri-adi fikirlər müzakirə olunduğu bir vaxtda Amerikanın özündə jurnalistlər başqa bir xəbər yaydılar: Ağ Ev, nəhayət, Co Baydenin ilk mətbuat konfransının vaxtını açıqladı. Tədbir martın 25-də baş tutacaq.
Bu doğrudan da, böyük işdir, daha doğrusu, hazırkı prezident administrasiyası onu bu səviyyəyə gətirib çıxarıb.
ABŞ-da qədim bir ənənə var: yeni seçilmiş prezident, adətən, vəzifəyə başlayandan sonra – bir ay ərzində ilk mətbuat konfransını keçirir. Məsələn, Barak Obama jurnalistlərlə prezidentliyinin 20-ci, Donald Tramp isə 27-ci günündə görüşmüşdü. İndiyə kimi bu məsələdə anti-rekordun sahibi 33 günlük fasilə ilə Corc Buş idi. Ancaq Co Bayden onun rekordunu təzələyib. Əgər tarixi irəli çəkməsələr, ABŞ-ın yeni prezidenti jurnalistlərin qarşına andiçmə mərasimindən 64 gün sonra çıxacaq.
Son bir neçə həftə ərzində bu məsələ Amerika mətbuatında qıcıq doğuran mövzulardandır. Elə keçən həftə jurnalistlər Vaşinqtondakı təsərrüfat malları satılan mağazada olan Baydenə sual ünvanlamaq istəyəndə köməkçiləri ona ağzını açmağa macal vermədilər. Əlbəttə ki, bu hadisələr Ağ Evin yeni sahibinin özünü idarə etmə qabiliyyəti və idrak funksiyaları ilə bağlı gəzən şayiələri bir az da qızışdırdı.
Vəziyyətin belə ciddi-cəhdlə nəzarətə götürülməsi Baydenin jurnalistlərlə sərbəst şəkildə ünsiyyətə girə bilməməsi (gözlənilməz sualların veriləcəyi ehtimalı nəzərə alınaraq) ilə bağlı şübhələri artırır. ABŞ prezidentinin ABC News telekanalına verdiyi son səs-küylü müsahibə bunu bir daha təsdiqləyir.
Axı Co Bayden Vladimir Putini qatil hesab etdiyini söyləməyib. Onun bu məsələdə rolu çox qısa replikadan ibarət olub: "Hmmm, bəli". Bu mizan-səhnədə baş rolu söhbət əsnasında Baydenə "Siz onu (Putini-red.) qatil hesab edirsinizmi?" sualını verən jurnalist oynayıb.
Rusiya mətbuatı həmin sualı verən jurnalistin adını çəkməyi lazım bilmədi, amma nahaq yerə. Çünki o, kifayət qədər diqqətəlayiq şəxsiyyətdir.
Corc Stefanopulos – Amerikanın, elə dünyanın da, siyasi jurnalistika sahəsində fəaliyyət göstərən ən parlaq simalarından biridir. Onun nə dərəcədə məşhur adam olduğunu anlamaq üçün yalnız bir faktı qeyd etmək kifayətdir. Stefanopulos 2019-cu ildə keçirilən rus, hind və yapon liderlərinin Şərq İqtisadi Forumunun moderatoru olmalı idi. Hərşənd, həmin vaxt Stefanopulos son anda Vladivastoka uça bilməmişdi.
Bundan başqa, jurnalist öz spesifik siyasi keçmişi və Amerikanın ən nüfuzlu siyasi qruplarından biri olan Klinton klanına yaxınlılğı ilə bilinir.
Stefanopulos Bill Klintonun 1992-ci il prezident seçkisi kampaniyası dövründə komminikasiya məsələlərinə cavabdeh olub və daha sonra onun birinci administrasiyasında mühüm vəzifələrdə çalışıb. 1990-cı illərin ikinci yarısında jurnalistikaya gəlsə də, bu nüfuzlu ailə ilə əlaqələrini kəsməyib.
2010-cu illərin ortalarında jurnalistin işlədiyi ABC News-a məlumat vermədən bir neçə il ərzində Klinton Fonduna külli miqdarda vəsait (ümumilikdə 75 000 dollar) bağışlaması ilə bağlı qalmaqal yaşanmışdı. Həmin vaxt səs-küy yatırıldı və telekanal baş verənləri "dürüst səhv" adlandırdı. Bununla belə, sözügedən hadisə əlbəttə ki, Stefanopulosun nüfuzuna xələl gətirdi. Respublikaçılar partiyası ona inamsızlığını bildirərək prezident debatlarında moderatorluq etməsinin qadağan olunmasını istədi.
Qeyd etmək lazımdır ki, Klintonlara yaxın olmaq, heç də Demokratlara və ya onların liderlərinə sədaqətli olmaq demək deyil. Məsələ burasındadır ki, ABŞ-ın Demokratlar Partiyasındakı müxtəlif klanlar və qruplaşmalar – ənənəvi "Vaşinqton bataqlığı" ilə ən radikal sol cinah – arasında daxili qarşıdurma hökm sürür.
Odur ki, Stefanopulosun Baydenlə söhbət zamanı yol verdiyi hərəkətlərdə nəyi rəhbər tutduğu haqqında yalnız mülahizə yürütmək olar. Bəlkə də, bu, ənənəvi media oyunu və yaxud qəsdən törədilmiş təxribatdır.
Amma hər bir halda, bu müsahibə göstərdi ki, jurnalist Amerika Birləşmiş Ştatlarının prezidentini kukla kimi əlində oynada bilər. Bu hadisə Co Baydenin sağlam mühakimə yürütmək və müstəqil şəkildə adekvat hərəkət etmək qabiliyyətinə dair şübhələri gücləndirdi.
Hollivud dəfələrlə Amerika dərin dövlətinin fonunda prezidentin əhəmiyyətsizliyi mövzusuna müraciət edib. Ancaq gerçəklik bir daha yaradıcı fantaziyanı üstələdi. İlk dəfədir ki, Ağ Evdə jurnalistin sadə manipulyasiya etməklə "Hmmm, bəli " kimi reaksiya alacağı adamın oturduğunun şahidi olduq.