Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 18 mart — Sputnik. Yevlaxın İpək yolu üzərində yerləşməsi bu rayona hələ qədimdən tacirlərin, səyyahların yolunu salıb. Rayonda üzümçülük, pambıqçılıq, heyvandarlıq yaxşı inkişaf edib. Müasir dövrdə isə burada yollar təmir edilir, yeni məhəllələr, parklar salınır, hündürmərtəbəli binalar inşa edilir. Bir sözlə insanların rahat yaşaması üçün addımlar atılır.
Yevlaxın Nizami prospekti 19 saylı ünvanında, 1964-cü ildə tikilən qəzalı vəziyyətdə olan "barak" evlər də artıq tarixin yaddaşına qovuşur. Burada yaşayan sakinlər şəhərin Heydər Əliyev prospekti 11 ünvanında inşa edilən yeni 9 mərtəbəli yaşayış binasına köçürülür. Ölkə başçısının müvafiq sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait hesabına inşa edilən hündürmərtəbəli binada, həmin şəraitsiz evlərdə yaşayan 42 ailə yerləşdiriləcək. Yeni binanın sakini olan Sara Quliyeva Sputnik Azərbaycan-la söhbətində Novruz bayramı ərəfəsində çox sevincli olduğunu, yeni mənzilin sanki xarici ölkədə inşa edilmiş kimi, şəraitli, müasir dizaynlı olduğunu deyib:
“Uzun illər Nizami prospekti 19 saylı ünvanda, barak evlərdə çətin şəraitdə yaşadıq. Hər il qış gələndə yağışdan, küləkdən qorxurduq ki, taxtadan olan evimizi uçuracaq. Yayda ilanlar, qışda da həşəratlarla mübarizə aparırdıq. Körpə uşaqlarımızdan çox narahat olurduq. Mövcud şəraitlə bağlı ölkə başçısı İlham Əliyevə müraciət etdik, çox saq olsun ölkə rəhbərimiz sərəncam imzaladı. Bizə gözəl, müasir hündürmərtəbəli bina tikildi. Ailəmizə 3 otaqlı ev verilib, hər şəraiti var içində. Yeni mənzilə daxil olanda elə bilirəm xarici ölkələrdən birində yaşıyırıq”.
9 mərtəbəli binada sakinlərə verilən mənzillər 1, 2, 3 otaqlı olmaqla yanaşı, tam təmirlidir. Binada yaşayanların elektrik enerjisi ilə dayanıqlı təminatı üçün həyətdə 2 ədəd 630 kv-luq transformator yarımstansiyası və 1 ədəd generator da quraşdırılıb. Həmçinin onlardan ötrü 216 kubmetrlik içməlu su anbarı tikilib.