MƏDƏNİYYƏT

Əsl Mata Hari: Azərbaycanda Samirə Əfəndinin "Avroviziya" mahnısını qiymətləndirdilər

Müğənni Eldar Qasımov, rejissor Nail İbrahimov və xoreoqraf Şahin Hüseynov beynəlxalq layihənin pərəstişkarlarıyla bu günlərdə təqdim olunmuş mahnı və klipə verdikləri qiymətlə bölüşüblər
Sputnik

BAKI, 18 mart — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanı "Avroviziya-2021" beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək Samirə Əfəndi ekzotik rəqslərin dünya şöhrətli ifaçısı, casus Mata Hari obrazı ilə tamaşaçıların qəlbini fəth edərək ən yaxşı yerlərdən birini tutacaq. Bu fikri Azərbaycanın məşhur sənət adamları Sputnik Azərbaycan-a verdikləri müsahibədə səsləndiriblər.

Bu günlərdə müğənninin müsabiqədə ifa edəcəyi "Mata Hari" mahnısının təqdimatı olub. Qeyd edək ki, mahnının müəllifi və prodüseri Hollandiya triosu – Emi van der Uel, Luk van Birs və Toni Kornelissendir.

Kompozisiya güclü qadınlara həsr olunub. Mahnı ilə birlikdə ona xarici peşəkarlar tərəfindən çəkilmiş klip də təqdim olundu. Videoçarxa qısa müddətdə YouTube-da 800 min baxış olub, müsabiqənin avropalı pərəstişkarları isə qeyd ediblər ki, Samirənin mahnısı "Avroviziya-2021"in ən yaxşı kompozisiyalarından birdir.

"Avroviziya-2011"in qalibi Eldar Qasımov həmkarını dəstəkləyərək qeyd etdi ki, mahnı bütün parametrlərinə görə müsabiqəyə uyğun gəlir.

""Mata Hari" mahnısı "Cleopatra" kompozisiyasına çox bənzəyir, ancaq mənə elə gəlir ki, bunu bilərəkdən belə düşünüblər. Bu bir növ onun əvvəlki mahnısının remeykidir. Yalnız bu dəfə Samirə Əfəndi digər dünyaca məşhur qadının – casusun obrazında görünüb.

Düzünü desəm, bu mahnı "Cleopatra"dan daha çox xoşuma gəldi. İndi bizim edə biləcəyimiz yeganə şey – müğənnini dəstəkləmək və uğur diləməkdir. Hələlik "Avroviziya"nın hansı formatda keçiriləcəyi dəqiqləşməsə də, əminəm ki, Samirə səhnədə əsl Mata Hari olacaq", – deyə Qasımov vurğulayıb.

Rejissor Nail İbrahimov isə belə hesab edir ki, klip çox uğurlu alınıb və mahnıya tamamilə uyğun gəlir. Bununla belə, rejissor qeyd edir ki, bu müsabiqədə video mahnı qədər mühüm rol oynamır.

"Video-çarx bəzi xarici səhnə ulduzlarının kliplərini yada salır. Mahnı ritmikdir və bu kompozisiyaya başqa cür klip çəkmək olmazdı. Ancaq qeyd etməliyəm ki, "Cleopatra" mahnısına çəkilmiş klip mənim daha çox xoşuma gəlmişdi. Əvvəla, orada müxtəlif obrazlar var idi, bu dəfə isə yalnız bir obrazla kifayətləniblər.

Əlbəttə ki, hər dəfə bizim təmsilçilərimizin kliplərini xaricilərin çəkməsi adama bir qədər ağır gəlir. Ancaq əsas odur, müsabiqədə qələbə bizim olsun", – deyə İbrahimov qeyd edib.

Xoreoqraf Şahin Hüseynov isə belə hesab edir ki, rəqslərin quruluşu uğurlu alınıb, həmçinin libaslar da düzgün seçilib. Onun sözlərinə görə, Samirənin rəqsi də hərəkətlərin plastikliyi və məlahəti ilə diqqəti cəlb edir ki, bu da nadir haldır.

"Ölkəmizdə həm yaxşı mahnı oxuyub, həm də rəqs edən ifaçıların sayı azdır. Hər bir halda, bu mahnı yaxşı yer tutmağa layiqdir, xüsusən də, nəzərə alsaq ki, bu il digər ölkələrin nümayəndələri daha zəifdir", – deyə Hüseynov vurğulayır.

Müqayisə üçün Samirə Əfəndinin "Avroviziya-2020"də Azərbaycanı təmsil etməli olduğu "Cleopatra" mahnısını də sizə təqdim edirik.

Bu il Rotterdamda (Hollandiya) keçiriləcək "Avroviziya" müsabiqəsinin yarımfinal konsertlərinin mayın 18-də və 20-də başa tutacağı gözlənilir. Pandemiya səbəbindən yarış yeni qaydalarla təşkil olunacaq. Belə ki, iştirakçılar bek-vokalı əvvəlcədən fonoqrama yazdırıb çıxış etdikləri vaxt onu "canlı" ifaları ilə birləşdirə biləcəklər. İfaçıların bu imkandan istifadə edib-etməmək hüququ var. Müsabiqədə Azərbaycan nümayəndə heyətinə bəstəkar və prodüser İsa Məlikov rəhbərlik edir.

"Avroviziya-2021-in yarımfinal mərhələsindəki çıxışların sırası 2020-ci ildə baş tutmayan müsabiqəyə uyğun şəkildə müəyyənləşdirilib. Həmin sıraya görə, Azərbaycan təmsilçisi birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.

Xatırladaq ki, bu, Samira Əfəndinin qatıldığı ilk müsabiqə deyil, o, "Yeni Ulduz", "Böyük Səhnə" və "Səs Azərbaycan" mahnı müsabiqələrində də iştirak edib.

Bundan başqa, müğənni 2017-ci ildə Qazaxıstanın Almatı şəhərində keçirilmiş "Silk Way Star" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edib və üçüncü yerə layiq görülüb. Samirə Əfəndi 2019-cu ildə Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən "Nur-Sultanın səsi" festivalının da iştirakçısı olub.