RUSİYA

Ağ Ev Baydenin Putin haqqında dediklərini şərh etmək istəmir

"Biz bilirik ki, amerikalı həmkarlarımız orada nə baş verdiyi ilə bağlı birbaşa suala cavab verməkdən tamamilə imtina ediblər. Prinsipcə, buna veriləcək cavabları da yoxdur"
Sputnik

BAKI, 18 mart — Sputnik. "Vaşinqton özü Moskvaya Rusiya-Amerika münasibətlərində nə baş verdiyini izah etməlidir", – bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ABŞ prezidenti Co Baydenin böyük əks-səda doğurmuş bəyanatını şərh edərkən deyib.

Putin Co Baydenə sərt cavab verdi

Bayden bildirmişdi ki, Vladimir Putin seçkilərə müdaxilə ilə bağlı cavab verməli olacaq. KİV-də həmçinin qeyd olunmuşdu ki, ABŞ prezidenti ABC telekanalına müsahibəsində Rusiya prezidentini qatil adlandırıb. Ancaq Baydenin bununla nə demək istədiyi məlum deyil. Ağ Evin mətbuat katibi Cen Psaki Baydenin Putin haqqında fikirlərinin mübaliğə olub-olmadığını açıqlamaqdan imtina edib.

"Biz bilirik ki, amerikalı həmkarlarımız orada nə baş verdiyi ilə bağlı birbaşa suala cavab verməkdən tamamilə imtina ediblər. Prinsipcə, buna veriləcək cavabları da yoxdur", – deyə Zaxarova "Vesti FM" radiostansiyasının efirində bildirib.

Qeyd edək ki, dünən Rusiya XİN-i bu ölkənin Vaşinqtondakı səfiri Anatoli Antonovun Rusiya-ABŞ münasibətlərinin analiz edilməsi üçün Moskvaya məsləhətləşməyə çağırıldığı barədə məlumat yayıb. Rusiyanın diplomatik missiyası öz "Facebook" səhifəsində "mövcud vəziyyət son illərdə Vaşinqtonun məqsədyönlü siyasətinin nəticəsidir, əslində qəsdən ikitərəfli qarşılıqlı əlaqələri çıxılmaz vəziyyətə gətirib çıxarıblar", – deyə vurğulayıb.

Çərşənbə günü ABŞ Ticarət Nazirliyi Moskvaya qarşı məhdudiyyətləri genişləndirərək Rusiyanı silah ixracı və idxalının tamamilə qadağan olunduğu ölkələrin siyahısına daxil etdi. Yalnız aviasiya və kosmik kəşfiyyat üçün texnologiya sahəsinə istisna edildi ki, bu qərar da yalnız 1 sentyabr tarixinə qədər qüvvədə qalacaq. Qadağalar martın 18-dən qüvvəyə minir. Sanksiyaların səbəbi Aleksey Navalnı ilə bağlı vəziyyət və "kimyəvi-bioloji silahlardan istifadədir".

"Bayden Rusiya vətəndaşlarını təhqir edib" - Dövlət Dumasının sədri

Xatırladaq ki, bu günlərdə ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Moskvanın Donald Trampın yenidən prezident seçilməsinə kömək etmək, Co Baydeni nüfuzdan salmaq və Amerika cəmiyyətinə "ixtilaf toxumaları səpmək" cəhdində günahlandırıldığına dair məxfi hesabat açıqlamışdı.

Kreml isə həmin hesabatı "əsassız və sübutsuz" adlandırdı. Prezidentin mətbuat katibi Dmitri Peskovun da vurğuladığı kimi, Rusiya seçkidə iştirak edən namizədlərə qarşı hər hansı bir kampaniya aparmayıb. Onun sözlərinə görə, bu cür "keyfiyyətdən uzaq" materiallardan, sadəcə, yeni sanksiyalar üçün bəhanə kimi istifadə olunur.

Xarici İşlər Nazirliyi, öz növbəsində, yeni məhdudiyyətlərə "sakit" yanaşdıqlarını ifadə etdi - bu cür tədbirlər artıq 90 dəfədən çox tətbiq edilib. Nazirlikdən onu da bildirdilər ki, Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsi Moskva ilə Vaşinqton arasındakı dialoqu normallaşdırmaq üçün yer qoymur və münasibətlərin pozulmasına görə məsuliyyət tamamilə ABŞ-ın üzərinə düşür.