SƏHİYYƏ

AstraZeneca-nın fəsadı qonşumuza da çatdı: 27 yaşlı qız reanimasiyada

Bildirilir ki, tibb bacısı həmişə qripə qarşı vaksin vurdururmuş, anamnezində isə hansısa allergik reaksiya barədə məlumat yer almır
Sputnik

BAKI, 18 mart - Sputnik. Gürcüstanda AstraZeneca peyvəndi vurulmasından sonra ilk ağırlaşma halı qyedə alınıb: 27 yaşlı tibb bacısı reanimasiyaya düşüb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Milli Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin rəhbəri Amiran Qamkrelidze qadında anafilaktik reaksiya şübhəsi olduğunu söyləyib. 

Bir qədər öncə "Rustavi-2" telekanalı xəbər yaymışdı ki, tibb bacısı AstraZeneca vaksini vurulandan sonra komaya düşüb. Bunu öyrənən qohumları klinikaya hücum çəkərək şüşələri sındırıb, həkimlərlə dalaşıblar. 

"Şok kimi ciddi anafilaktik reaksiya olmayıb. Bu gün Axalsixdə, İmedi klinikasında 16 nəfər peyvəndlənib, yerli vaxtla 12:15-də bizim 27 yaşlı həmkarımıza vaksin vurulub. O, həmişə qripə qarşı vaksin vurdururmuş, anamnezində də hansısa allergik reaksiya barədə məlumat yer almır. Bundan sonra teleşirkətin efirində o öz həmkarlarını da peyvənd olunmağa səsləyib. Təəssüf ki, 30 dəqiqə sonra reaksiya başlayıb. Biz onun allergik reaksiya olub-olmadığını bilmirik. Ancaq həkimlərlə ilkin söhbətdə bildirildi ki, bu, anafilaktik reaksiyaya bənzəyir. O, reanimasiyaya köçürülüb. İntubasiya olunmasına ehtiyac yaranıb. Onu Tbilisiyə aparırlar", - Qamkrelidze deyib. 

Martın 15-dən Gürcüstanda tibb işçilərinin AstraZeneca vaksini ilə peyvəndlənməsinə başlanıb. Ancaq ölkənin Səhiyyə Nazirliyi immunizasiyanın aşağı tempindən şikayətçidir. 

Qeyd edək ki, Avropanın bir sıra ölkələri, o cümlədən Avstriya, Fransa, Almaniya, İtaliya, Niderland, İspaniya və digərləri AstraZeneca preparatından sonra tromboemboliya, qan laxtalanması şikayətləri səbəbindən ondan istifadəni dayandırıb. 

Bu gün Avropa Dərman Vasitələri Agentliyi AstraZeneca peyvəndinin istifadəsi ilə bağlı faktları müzakirə edərək sonrakı addımlar barədə qərar verəcək.