Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 18 mart — Sputnik. Azərbaycanda koronavirusun Britaniya ştammı aşkarlanıb. Sputnik Azərbaycan Britaniya ştammının koronavirusun indiyədək Azərbaycanda yayılmış növü ilə müqayisədə təhlükəsini araşdırıb.
İnfeksionist Vüqar Cavadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirusun Britaniya ştammı digər növlərlə müqayisədə daha sürətlə yayılır: "Koronavirusun Britaniya ştammının əsas təhlükəsi ondadır ki, bu virus daha sürətlə yayılır. Amma virusun öldürmə xüsusiyyəti fərqlənmir. Əsas təhlükə koronavirusun Britaniya ştammının digər növlərlə müqayisədə daha sürətlə yayılmasındadır".
İnfeksionist bildirib ki, koronavirusun Britaniya ştammının müalicəsi fərqli aparılmır: "Hazırda koronavirusu necə müalicə ediriksə, eyni müalicə metodu da koronavirusun Britaniya ştammında tətbiq olunur. İstifadə edilən dərman preparatları da demək ola ki, eynidir".
O ki qaldı bu ştammın müəyyən olunmasına, V. Cavadzadə bununla bağlı Azərbaycanda müvafiq laboratoriyanın olduğunu söyləyib. Onun sözlərinə görə, Talassemiya Mərkəzindəki laboratoriya koronavirusun Britaniya ştammı aşkarlamağa imkan verir: "PZR laboratoriyası ölkəmizdə olduğundan, koronavirusun Britaniya ştammı aşkarlamaq mümkündür. Sadəcə bunun üçün fərqli reaktivdən istifadə olunur".
Qeyd edək ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzi ölkəmizdə koronavirusun Britaniya ştammı aşkarlandığını təsdiqləyib. Məlumatda bildirilir ki, Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən alınan nümunələrdə mütəmadi olaraq “Sars Cov-2” genom analizləri edilərək şübhəli variantlar təqib olunur. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilib. Qeyd edək ki, Azərbaycanda koronovirus əleyhinə istifadə olunan “Coronavac” vaksini yeni ştammlara qarşı da effektivdir.