CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Alıcılar azalıb, qiymətlər artıb – işbazlar isə iş başındadır

Hökumət yarmakaların dislokasiya yerlərini artırsın, ya da alıcıların yarmakalara pulsuz gəlişini təmin edən nəqliyyat vasitələrindən istifadə olunsun.
Sputnik

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 18 mart — Sputnik. Hər il olduğu kimi bu il də Novuz bayramı ərəfəsində bazarlarda qiymət artımı müşahidə edilir. Alıcıların narazılığına səbəb olan qiymət artımı bayram günlərində tələbatın artıdığı məhsullarda özünü daha çox büruzə verir. Bununla bağlı olaraq Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

"Yarmarkalar üçün xüsusi avtomobil də təşkil oluna bilər" - Eyyub Hüseynov

Ekspert bildirib ki, ötən illərlə müqayisədə qiymətlərlə bağlı vəziyyət dəyişməyib: “Xüsusən son bir ilin pandemiya şəraitində keçməsi alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olub. Bunun nəticəsi olaraq aparılan müşahidələr göstərir ki, Novruz zənbilinə daxil olan məhsulların qiymətində 6-8 faizlik artım qeydə alınıb. Bu il Novruz bayramını qeyd etmək istəyən beş nəfərlik ailə üçün 200-220 manatlıq xərc tələb olunur. Təəssüf ki, alıcılıq qabiliyyətinin artmasından, insanların Novruz hazırlıqları görməsindən biznes qurumları sui-istifadə edir. Bu prosesdə təkcə qiymət artımı deyil, həm də keyfiyyətin aşağı düşməsi müşahidə edilir. Bu barədə Azad İstehlakçılar Birliyinə şikayətlər daxil olur. Şikayətlər əsasən qoz, fındıq məmulatları ilə bağlıdır. Çünki bu məmulatlarda “kif göbələyi” ola bilər. Bunlar yoxlamadan keçirilmədən harada, necə gəldi satılır. Yaxşı olardı ki, insanlar həmin məmulatları termik emaldan keçirsinlər. Bundan başqa məhsulları alarkən diqqətli olmaq lazımdır. Balıqlar əhəmiyyətli və faydalı olduğu qədər, həm də riskli qida məhsullarıdır. Təbii ki, insanların balığa olan meylindən işbazlar istifadə edirlər. Xüsusəndə magistral yol kənarlarında satılan məhsullarla bağlı müvafiq dövlət qurumları nəzarət mexanizmləri tətbiq etməlidir”.

Novruz yarmarkası: Ünvanlar və sərfəli qiymətlər

Bayram günləri təşkil olunan yarmakalar haqqında da danışan ekspert deyib ki, pandemiya şəraitində yarmakaların həftə sonları təşkil olunması narazılıq yaradır: “Xüsusəndə pandemiya ilə əlaqədar olaraq həftə sonları ictimai nəqliyyatın fəaliyyət göstərməməsi yarmakalarda satışın azalmasına səbəb olub.  Bu səbəbdən hazırda təşkil olunan yarmakalar əvvəlki dövrlərlə müqayisədə əlçatan hesab olunmur. Bu vəziyyətdən istehsalçılarla yanaşı satıcılar da narazıdır. Biz təklif edərdik ki, hökumət yarmakaların dislokasiya yerlərini artırsın, ya da alıcıların yarmakalara pulsuz gəlişini təmin edən nəqliyyat vasitələrindən istifadə olunsun. Bu həm də hökumətin apardığı sosial siyasətə dəstək deməkdir.

Ekspert yarmarkada satılan məhsulların keyfiyyəti ilə bağlı alıcıların narazılıq etdiyini bildirib: “Yarmakalarda müxtəlif yerlərdən gətirilmiş cürbəcür məhsullar satılır. Həmin məhsulların yarmarka müddətindəki keyfiyyəti daim diqqətdə saxlanılmalıdır. Bu baxımdan düşünürəm ki, belə yerlərdə daim hərəkətdə olan laboratoriyalar fəaliyyət göstərməlidir”.