SƏHİYYƏ

Azərbaycanın baş infeksionisti "AstraZeneca" olayına münasibətini bildirdi

AstraZeneca peyvəndinin vurulmasından sonra baş verən hallarla bağlı araşdırma aparılır” - Baş infeksionist.
Sputnik

BAKI, 17 mart — Sputnik. “AstraZeneca peyvəndinin vurulmasından sonra baş verən hallarla bağlı araşdırma aparılır. Hələlik bunun peyvəndlə bağlı olub-olmaması bəlli deyil. Ölkələr özünü sığortalamaq üçün peyvəndi dayandırır”. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “COVID-19, vaksinasiya və gigiyena” mövzusunda çıxışında deyib.

Baş infeksionist bildirir ki, vaksinlər müxtəlifdir: “Vaksinlərin təsirinin yarım ildən çox olması düşünülür. Amma bununla bağlı da hələlik tam məlumat yoxdur”.

Azərbaycan üçün ciddi siqnal: Alacağımız vaksindən Avropa ölkələri ard-arda imtina edir

İnfeksionistin sözlərinə görə, vaksin vurdurmazdan öncə analiz verməyə ehtiyac yoxdur. O bildirib ki, AstraZeneca və “Sputnik V” vaksinləri hələ Azərbaycana gətirilməyib. Baş infeksionistin fikrincə, bu vaksinlər fərqli texnologiya ilə hazırlanıb: “Bunlar vektor vaksinləridir və yeni vaksinlər qrupundandır. Bu texnologiya cavandır, hələ tam öyrənilməyib. Uzun illər istifadə olunmayıb. Amma təbii ki, artıq texnologiya inkişaf edib".

T.Eyvazov vurğulayıb ki, yan təsirləri olmayan vaksin yoxdur: "Vaksinlərin reaksiyaları müxtəlif olacaq. Çünki onların texnologiyaları müxtəlifdir. “Coronavac” peyvəndi illərlə oturuşmuş texnologiya üzərində hazırlanıb. Burada qeyri-adi nəsə gözləmirik. Əvvəllər olan reaksiyaları burada da izləyirik”.

Qeyd edək ki, AstraZeneca vaksininin istifadəsini dayandıran ölkələrin sayı artıq 21-ə çatıb. Bunlar sırasında preparatın əsas istehsalçısı olan İsveç də var. Əsas səbəb isə vaksin vurulmasından sonra insanlarda tromboemboliya, qan laxtalanması faktları göstərilir. 

Xatırladaq ki, Baş nazir Əli Əsədovun imzaladığı sərəncama görə, "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə GAVİ ALLİANCE arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair 2020-ci il 18 sentyabr tarixli Sazişə əsasən, İsveç Krallığının "AztraZeneca" Şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin Azərbaycana idxalı 180 gün müddətində həyata keçirilməlidir.

Azərbaycanda vaksinasiya bu il yanvarın 18-dən başlanıb. Əsasən Çinin Sinovach şirkətinin istehsalı olan CoronaVac peyvəndindən istifadə olunur. Həmçinin Rusiyanın "Sputnik-V" peyvəndinin 300 min dozası da sifariş olunub.